Accessibility links

İdrak Abbasov bu gün ifadə verib

Bu gün Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin müstəntiqi jurnalist İdrak Abbasovu istintaqın zərərçəkən kimi tanıdığını bildirib.
Cənab Abbasov Amerikanın Səsi radiosuna bildirib ki, bu gün Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış Idarəsində şahid qismində dindirilib. “Dindirilmə başa çatdıqdan sonra müstəntiq mənim zərərçəkən kimi tanındığımı elan etdi”, - jurnalist qeyd edib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun və “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov aprelin 18-də Sulutəpə qəsəbəsində ARDNŞ-nin təhlükəsizlik xidmətinin əməkdaşları ilə evləri sökülən sakinlər arasında münaqişəni videoya çəkərkən döyülüb. Jurnalist onu ARDNŞ-nin təhlükəsizlik xidmətinin əməkdaşlarının döydüyünü bildirib.
Jurnalistin qabırğaları sınıb, gözü zədələnib və çoxsaylı zərbələrdən bədənində qançırlar yaranıb. O, aprelin 18-də ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və mayın 1-dək xəstəxanada müalicə alıb.
Bu gün dindirilmədən sonra İdrak Abbasova məhkəmə tibbi ekspertizası təyin edilib. O, xəstəlik tarixçəsi ilə bağlı sənədləri və bədənindəki xəsarətlər barədə rentgen çəkilişlərini istintaqa təqdim edib.

XS
SM
MD
LG