Accessibility links

Strasburqda “İlqar Məmmədova azadlıq!” şüarı ilə aksiya keçirilib [Video]


Aksiyada digər siyasi məhbuslara da azadlıq tələb edilib

İyunun 21-də Strasburqda Avropa Şurasının binası qarşısında “İlqar Məmmədova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarı ilə etiraz aksiyası keçirilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, aksiyanı Ukraynanın milli qəhrəmanı Nadejda Savçenko da dəstəkləyib.

Etiraz aksiyasını “İnsan hüquqları naminə idman” koalisiyası təşkil edib. Koalisiyaya iyirmiyədək beynəlxalq hüquq müdafiə təşkilatı daxildir.

Ukraynanın milli qəhrəmanı Nadejda Savçenko Azərbaycanda siyasi məhbuslara azadlıq istəyir

Ukraynanın milli qəhrəmanı Nadejda Savçenko Azərbaycanda siyasi məhbuslara azadlıq istəyir

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

Amnesty İnternational Məmmədovu “vicdan məhbusu” elan edib.

Hüquq müdafiəçiləri ölkədə hazırda yüzədək isyasi məhbus kimi tanınan insanın olduğunu bildirir.

XS
SM
MD
LG