Accessibility links

Subsidiyalar necə bölünür?


Əkin sahəsi
Əkin sahəsi

Kənd Təsərrüfatı nazirliyi 2016-cı il noyabrın 10-da hər rayon üzrə kənd təsərrüfatı məhsulları istehsal edən subyektlərin siyahısını və onlara ayrılan subsidiya məbləğini tam açıqlayıb.

Bütövlükdə 78,5 milyon manat həcmində subsidiya Azərbaycanın 60 şəhər və rayonundakı 376 min torpaq mülkiyyətçisi arasında bölüşdürülüb. Bu barədə AzadlıqRadiosunun məlumatında deyilir.

Fərqli rəqəmlərin səbəbi

Bu ildən buğda və çəltik səpini üçün yardımlar istehsalçılara yanacaq və motor yağlarına görə ödənən yardımlarla eyni vaxtda verilir. Subsidiyaların bölüşdürülməsinə dair qərar Respublika Komissiyasının sentyabrın 8-də keçirilmiş iclasında qəbul edilib. Həmin qərarda indi açıqlananlardan fərqli rəqəmlər əksini tapıb. Nazirliyin o vaxt açıqladığı məlumatda göstərilirdi ki, 385 min 247 istehsalçıya 1 milyon 231min 262 hektar əkin sahəsinin və çoxillik əkinlərin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, eləcə də buğda, çəltik, pambıq və tütün əkininə görə 82 milyon 372 min 618 manat məbləğində yardım ayrılmasına qərar verilib. Söhbət "çatışmayan" təxminən 8 min 600 torpaq mülkiyyətçisindən gedir.

Nazirlikdə rəqəmlərdəki uyğunsuzluğu AzadlıqRadiosu-na belə əsaslandırıblar ki, pambıq və tütünün əkini üçün kompensasiya mexanizmi sonrakı dövrdə dəyişdirilib. Söhbət 37 min hektar pambıq və 1500 hektar tütün əkinindən götürüləcək məhsula görə dəyişdirilən yardımdan gedir.

Hamıdan çox cəlilabadlılar əkir və subsidiya alırlar

Rayonlar üzrə hesabatlara görə, ən çox subsidiya alan torpaq mülkiyyətçisi Cəlilabaddadır. Bu rayonda 22 min 500-dən çox torpaq mülkiyyətçisi yardım alır. Ölkə üzrə paylanan subsidiyanın 5,4 milyon manatı bu rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarına ödənilib. Ən çox əkin altında olan torpaqlar da buradadır – 66,1 min hektar.

Lənkəran və Astara kimi kənd təsərrüfatı rayonlarında subsidiya alan fermer və istehsal müəssisələri çox azdır. Bu il Lənkəranda - 402, Astarada isə 519 təsərrüfat yardım alıb. Bu rayonlarda əkin sahələri və çoxillik əkinlər altındakı torpaqlar da digər rayonlardakından qat-qat azdır - uyğun olaraq, 2 min 16 və 1188 hektar.

Naxçıvanda kimin torpaq sahibi olduğu bilinmir?

Subsidiya alan təsərrüfatlar arasında Naxçıvan Muxtar Respublikasındakı (NMR) torpaq mülkiyyətçilərinin adları yoxdur. Nazirlikdə bununla əlaqədar bildiriblər ki, subsidiyaların hesablanması və bölüşdürülməsi muxtar respublikanın özündə təşkil olunur. Amma NMR Kənd Təsərrüfatı Nazirliyinin internet səhifəsində bu barədə hər hansı məlumat yoxdur. 1996-cı ildə torpaq islahatı gedişində burada 70 min 758 ailəyə və ya 241 min 46 nəfərə kənd təsərrüfatı torpaqları verilmişdi.

20 il öncə 870 min ailə torpaq sahibi idi, bəs indi?

Həmin dövrdə Azərbaycanda 2 mindən çox kolxoz və sovxoz ləğv edilib və onlara aid 1,7 milyon hektar torpaq kənd sakinlərinə paylanıb. Söhbət Azərbaycanın ümumi torpaq fondunun 19,6 faizindən gedir. Nəticədə 870 minə yaxın ailə torpaq mülkiyyətçisinə çevrilmişdi.

Ötən dövrdə pay torpaqlarının satın alınması təmərküzləşməyə yol açıb. Hazırda ayrı-ayrı şəxs və şirkətlərin yüzlərlə, bəzən minlərlə hektar əkin sahələri və meyvə bağları var. Hökumət əkin sahəsi olan mülkiyyətçilərin dəqiq sayını açıqlamır.

Əkməyənləri cəza gözləyir

Lakin KTN-də də razılaşırlar ki, təxminən 500 min hektar torpaq sahəsi əkin dövriyyəsindən kənardadır. Bu ildən torpaqlardan təyinatı üzrə istifadə edilməməsi ilə bağlı sərt cəzaların müəyyənləşdirilməsi həmin hallarla mübarizə məqsədi daşıyır. AzadlıqRadiosu-na nazirlikdə belə deyiblər.

Hələlik, torpağı əkib-becərmədiyinə görə cərimələnmiş hər hansı mülkiyyətçi barədə məlumat yoxdur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG