Accessibility links

Süheyla Kargər mayın 15-də Qəzvində həbs edilib

İranın Qəzvin vilayətində yaşayan və 10-cu dövr İran Parlament seçkilərində namizədliyini irəli sürmüş türk dil haqları fəalı Süheyla Kargər may ayının 15-də İranın təhlükəsizlik qurumu tərəfindən nəzarət altına alındıqdan bəri Tehranın Evin həbsxanasında saxlanılır.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, təhlükəsizlik qüvvələri fəalı nəzarət altına aldıqları zaman ona qarşı güc tətbiq ediblər.

Amerikanın Səsinin fəalın yaxınlarından əldə etdiyi məlumata görə, Kargər Evin həbsxanasında olduğunu həbs edildikdən dörd gün sonra ailəsinə telefon vasitəsilə bildirib.

İranın 10-cu dövr parlament seçkilərində Qəzvin seçki dairəsindən namizədliyini irəli sürən Süheyla Kargər keçən yanvar ayında seçki komissiyası tərəfindən diskvalifikasiya edilmişdi.

5 yaşlı qız anası olan məhbusa bu günə qədər ailəsi ilə görüşmək icazəsi verilməyib. Fəalın qardaşı Cavad Kargərin bildirdiyinə görə, ailə onun hansı ittihamlarla həbs edildiyini bilmir.

“Bacımın həbsindən 6 gün keçir və ona bu müddətdə sadəcə bir dəfə telefon etmək üçün icazə veriblər. O, telefon vasitəsilə ancaq sağ olduğu və harada saxlanıldığı barədə danışıb. İttihamı ilə bağlı bizə heç nə deyilməyib,” deyə Cavad Kargər bu gün öz Facebook səhifəsində paylaşıb.

İran Azərbaycanı, Tehran və Qəzvin vilayətlərinin seçki dairələrindən bəzi türk fəallar o cümlədən, Süheyla Kargər “Üçüncü Söyləm” şüarı ilə ötən aylarda keçirilən məclis seçkilərində namizədliklərini irəli sürərək fundamentalist və ya islahatçı qruplara bağlı olmayacaqlarını bildirmişdilər.

Show comments

XS
SM
MD
LG