Accessibility links

Süleyman Əfəndi vəfat edib


Süleyman Süleymanov (Əfəndi)
Süleyman Süleymanov (Əfəndi)

O, 40 il Tbilisidə Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin redaktoru olub

İyunun 26-da Gürcüstanın paytaxtı Tbilisidə tanınmış azərbaycanlı jurnalist, Azərbaycan dilində nəşr olunan “Gürcüstan”qəzetinə 40 ildən çox rəhbərlik etmiş Süleyman Süleymanov (Əfəndi) 79 yaşında vəfat edib. O həmçinin 1992-ci ildə yaradılmış Gürcüstan Azərbaycanlıları Birliyinə rəhbərlik edib.

S.Süleymanov 1935-ci il mayın 5-də Gürcüstanın Marneuli rayonunda anadan olub. 1960-cı ildə Tbilisi Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı və tarixi fakültəsini bitirib.

1972-ci ildə S.Süleymanov Azərbaycan dilində nəşr olunan “Sovet Gürcüstanı” qəzetinə, 1990-cı ildən isə “Gürcüstan” nəşrinə rəhbərlik edib.

92 iilik tarixi olan bu qəzet Gürcüstanda azərbaycanlıların maarifləndirmə, onlarda milli özünüdərkin və mədəniyyətin inkişafı mərkəzinə çevrilib.

S.Süleymanovun redaktəsi ilə qəzet Gürcü-Azərbaycan lüğətini nəşr edib.

Həmçinin Gürcüstanın tarixi və coğrafiyası Azərbaycan dilinə tərcümə edilib, müxtəlif danışıq kitabçaları, bukletlər, məktəblilər üçün dərs vəsaitləri nəşr edilib.

S.Süleymanov həmçinin Süleyman Əfəndi yaradıcı təxəllüsü ilə tanınıb və 1990-2000-ci illərdə BBC radiostansiyasının Azərbaycan xidməti üçün Gürcüstandakı azərbaycanlıların həyatı haqqında reportajlar hazırlayıb.

1992-ci ildə S.Süleymanov Gürcüstan Azərbaycanlıları Birliyinin sədri seçilib və ömrünün sonunadək onun rəhbəri olub. Bu təşkilat ictimai qurum olaraq 1990-cı illərin əvvəllərində ağır dövrdə Gürcüstan azərbaycanlılarının hüquqlarının və maraqlarının əsas müdafiə mərkəzinə çevrilib.

XS
SM
MD
LG