Accessibility links

Cənab Əkbər bildirib ki, partiya Rəsul Quliyevin vətənə qayıtması ilə bağlı səylərini artıracaq

Sülhəddin Əkbər Azərbaycan Açıq Cəmiyyət Partiyasının (ACP) sədri seçilib. O partiyanın sədrliyindən könüllü istefa vermiş Vaqif Mahmudovu əvəzləyib.
ACP-nin Ali Məclisinin bu gün keçirilən məclisində cənab Əkbər səs çoxluğu ilə - 52 səs “lehinə”, 1 səs “əleyhinə” olmaqla seçilib. Mühacirətdə olan parlamentin eks-spikeri Rəsul Quliyev partiyanın lideridir.
Bir ay ərzində S.Əkbər təşkilati məsələləri həll etməli və öz müavinlərini təyin etməlidir.

Cənab Əkbər Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, ACP hakimiyyətə müxalifətdə olan sağ mərkəzçi partiyadır. “Partiyanın siyai hədəfi demokratiyaya keçiddir. Ölkədə demokratik, siyasi, hüquqi və iqtisadi islahatları dəstəkləyir”.

O partiyanın yaxın zaman üçün qarşısına qoyduğu məqsədlərdən danşarkən deyib: “Birinici, ACP gücləndiriləcək. İkinci, ACP-nin təmsil olunduğu Demokratiya Uğrunda Müqavimət Hərəkatının (Hərəkata Klassik Xalq Cəbhəsi, Azadlıq, Aydınlar, Liberal-Demokratik partiyaları və bir neçə ictimai birlik daxildir) genişləndirilməsinə çalışacağıq. Üçüncü, ölkədəki bütün demokratik güc mərkəzləri ilə işlərimizi quracağıq. Dördüncü, bütün demokratik qüvvələri birləşdirə biləcək bir qurumun yaradılmasına çalışağıq. Bu qurum Milli Şura da adlandırıla bilər. Burada indiki rejimdən demokratik rejimə keçidi istəyən siyasi, ictimai qüvvələr, ziyalılar, jurnalistlər, gənclər təşkilatlarım təmsil oluna bilər”.

Cənab Əkbər bildirib ki, partiya Rəsul Quliyevin vətənə qayıtması ilə bağlı səylərini artıracaq. “Rəsul Quliyev Azərbaycana qayıtması üçün çox geniş miqyaslı fəaliyyətə başlayıb. Xaricdə bu fəaliyyətə özü rəhbərlik edir. Azərbaycanın daxilində isə biz onun ölkəyə dönməsi üçün zəruri olan işləri görməyə çalışacağıq. Daxildə və xaricdə görülən birgə işlərin nəticə verəcəyinə ümid edirəm. Hesab edirəm ki, bu işləri görmək üçün çox böyük ehtiyac var. Çünki Azərbaycan hökuməti Rəsul Quliyevin ölkəyə dönməsini istəmir və bunun baş tutmaması üçün əlindən gələni əsirgəməyəcək. Ona görə də etiraf edim ki, ağır bir vəzifə olacaq”.

Partiya İctimai Palata ilə əməkdaşlıq edəcək. ACP sədrinin fikrincə, İctimai Palataya daxil olan siyasi partiyalar ACP-nin təbii müttəfiqləridir.

Sülhəddin Əkbər 2013-cü il prezident seçkilərində namizədliyini irəli sürməyəcək. “Mən prezidentliyə namizədliyimi irəli sürməyəcəm. ACP-nin lideri var, vaxtı gələndə bu məsələyə münasibət bildirəcək”.

Sülhəddin Bayram oğlu Əkbərov 1960-cı ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olub. İxtisasca həkimdir.

O 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin ilk idarə heyətinin üzvü seçilib.

1992-ci ildən Müsavat Partiyasının üzvü olub. 1995-ci ildən Müsavat Partiyası başqanının müavini və sonra Ali Məclisin sədri seçilib. 2010-cu ilin noyabrında Müsavat Partiyasından istefa verib.

O 1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin müavini olub. 1997-ci ildə Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasını təsis edib və hazırda onun prezidentidir.

ACP 2007-ci ilin aprelində Demokrat Partiyasının parçalanması nəticəsində yaranıb. O həm də Demokrat Partiyasının ilk həmsədri olub.

XS
SM
MD
LG