Accessibility links

Sülhəddin Əkbər: Azərbaycan ya Rusiyanın dominantlığını qəbul etməli, ya da Gürcüstan kimi müəyyən riskli yol keçməlidir


Sülhəddin Əkbər: Azərbaycan ya Rusiyanın dominantlığını qəbul etməli, ya da Gürcüstan kimi müəyyən riskli yol keçməlidir

Sülhəddin Əkbər: Azərbaycan ya Rusiyanın dominantlığını qəbul etməli, ya da Gürcüstan kimi müəyyən riskli yol keçməlidir

Avro-Atlantik Şuranın Təşkilat Komitəsi yaradılıb. Avro-Atlantik Şurasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər Amerikanın Səsi radiosuna müsahibə verib. Yeni təşkilat Azərbaycanın demokratikləşdirilməsi və Avro-Atlantik məkana inteqrasiyasına ictimai dəstək verəcək.

Bu gün Avro-Atlantik Şuranın Təşkilat Komitəsi yaradılıb. Avro-Atlantik Şurasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, təşkilat komitəsinə otuzadək qeyri-hökumət təşkilatı, ziyalılar, ictimai xadimlər daxildir. Yeni təşkilatın məqsədi Azərbaycanın demokratikləşdirilməsi və Avro-Atlantik məkana inteqrasiyasına ictimai dəstəkdir.

Sual: Yeni yaradılacaq təşkilatın əsas prioritetləri nədən ibarətdir?

Cavab: Yaradacağımız yeni təşkilatın başlıca məqsədi Azərbaycanın demokratikləşdirilməsi və Avro-Atlantik məkana inteqrasiyasına ictimai dəstəyin təşkilidir. Biz, Azərbaycanda demokratik islahatları, Avropa İttifaqı və NATO-ya inteqrasiyasını dəstəkləyirik. Bunun üçün əhali ilə, ictimaiyyətlə müxtəlif istiqamətlərdə iş quracağıq. Çalışacağıq ki, regionlarda da ictimai dəstək qrupları yaradaq. Bundan sonra ayrı-ayrı rayonlarda da iş quracağıq. Yəni, birbaşa cəmiyyət içində maarifləndirmə işləri aparacağıq.

Sual: Avro-Atlantik məkana inteqrasiya Azərbaycan hökumətinin konstitusion öhdəliyidir. Bu istiqamətdə hökumətin fəaliyyətini necə qiymətləndirirsiniz?

Cavab: Yeni təşkilatın təsis edilməsinin məqsədlərindən biri də, Azərbaycan hökumətinin bəyan etdiyi kursdan bir qədər uzaqlaşmasıdır. Azərbaycanın ana yasası və 2007-ci ildə qəbul etdiyi “Milli Təhlükəsizlik Konsepsiyasi” ölkənini demokratik inkişafını və Avro-Atlantik məkana inteqrasiyasını nəzərdə tutur. Amma, Azərbaycanda demokratik inkişaf və Avro-Atlantik məkana inteqrasiya ürəkaçan deyil. Azərbaycan 2003-cü ildən başlayaraq həm siyasi, həm də iqtisadi baxımdan azad olmayan ölkələr sırasına daxil edilir. Azərbaycanın daxili inkişaf vektorunda yaranan problemlər, eyni ilə də xarici siyasət vektorunda problemlər yaradır. Belə ki, 2008-ci ildən başlayaraq Azərbaycan Amerika, Türkiyə və NATO ilə tərəfdaşlıqdan Rusiya ilə əməkdaşlığa doğru meyllənməkdədir. Sonda, bu siyasət Azərbaycanın “Bloklara Qoşulmayan Ölkələr” blokuna qoşulması ilə nəticələndi. Azərbaycan bir tərəfdən özünü Avo-Atlanik məkana inteqrasiya olunan ölkə elan edir, digər tərəfdən isə bloklara qoşulmayan ölkələr hərəkatına qoşulur. Ölkədə yaranmış bu vəziyyət bizi narahat edir. Eyni zamanda, yaranmış vəziyyət Azərbaycanın beynəlxalq imicinə zərbə vurur, beynəlxalq problemə çevrilmiş Dağlıq Qarabağ probleminin həlli prosesinə mənfi təsirlərini göstərməyə başlayıb. Bu bizi ciddi narahat edir.

Sual: Azərbaycanın Avropa institutlarına sürətli inte qrasiyası ölkə üçün müəyyən siyasi risklər də yarada biləcəyi ehtimal olunur. Avro-Atlantik məkana inteqrasiya mövcud siyasi risklərin, o cümlədən Xəzərdəki potensial risklərin azaldılmasına kömək edə bilərmi?

Cavab: Regional oyunçular Rusiya və İran Azərbaycanda NATO, Amerika və Türkiyə maraqlarının inkişafında maraqlı deyil. Azərbaycan bir məqsədi müəyyən etməlidir. Ölkə ya Rusiyanın dominantlığını qəbul etməli, ya da müəyyən riskli yol keçməlidir, necə ki, Gürcüstan bu riskli yolu keçdi. Azərbaycan Gürcüstanın təcrübəsini də nəzərə alaraq, bu yolu daha təhlükəsiz keçə bilər. Nə qədər ki, regionda Rusiyanın hərbi-siyasi dominantlığı davam edir, regiondakı hər hansı problemin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli mümkün olmayacaq. Əgər, regionda, o cümlədən Xəzər dənizində status-kvonun dəyişməsini istəyiriksə, bunun üçün Azərbaycanın Rusiya və İranın hərbi-siyasi üstünlüyünü balanslaşdıracaq dost ölkələrlə müttəfiqliyinin genişləndirilməsinə ehtiyac var. Bunlar isə, qardaş Türkiyə, Amerika və NATO-dur. Bu ölkələrlə Azərbaycan sıx əməkdaşlıq etməyincə, həmin ölkələrin regionda hərbi-syasi iştirakı genişlənməyincə Rusiya və İranın dominant gücü balanslaşdırılmayacaq və regionun problemləri həllini tapmayacaq.

Sual: Avropa İttifaqının rəhbərləri Azərbaycanın iqtisadi, biznes, təhlükəsizlik sahəsində inteqrasiya reytinqini yüksək qiymətləndirir. Yalnız, demokratiya sahəsində inkişafa ehtiyac duyulduğunu bildirirlər. Siz necə qiymətləndirirsiniz?

Cavab: Avropa siyasətinin iki başlıca prinsipi var. Avropa Birliyi avtoritar rejimlərlə tənqidi dialoq və pozitiv cəlbetmə siyasətinə üstünlük verir. Bu səbəbdən də Avropa diplomatları qapalı görüşlərdə tənqidi mövqedən çıxış edir, açıq görüşlərdə pozitiv təkliflərlə çıxış edərək ölkəni cəlb etmək istəyirlər. Doğrudur, Azərbaycanda əsas problemlər siyasi sahədədir, demokratiya, insan haqları, azad və ədalətli seçkilərin keçirilməməsi, söz və mətbuat azadlığı və başqa sahələrdə geriləmələr davam edir. Amma, problemlər bununla da bitmir. Korrupsiyanın geniş yayılması, rəqabət mühitinin olmaması, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəməməsi mühüm problem kimi qalmaqdadır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmayınca Avropa ilə iqtisadi əməkdaşlığı yüksək səviyyəyə qaldırmaq mümkün olmayacaq. Ölkə iqtisadiyyatı hakim siyasi elita ilə bağlıdır və onlar proteksionist siyasət yeridir. Enerji təhlükəsizliyi sahəsində əsas prioritetlərdən biri Nabucco layihəsi ilə bağlıdır. Azərbaycan hələ də layihədə tranzit ölkə kimi qalır. Amma, kəmər ildə 31 milyard kubmetr qaz daşımalıdır. Azərbaycan sentyabradək öz qazının bu kəmər vasitəsi ilə daşınıb-daşınmaması barədə qərar verməlidir. Çünki, bu ilin sentyabrında Avropa İttifaqının Sammitində Nabucco ilə bağlı qərar qəbul ediləcək.

XS
SM
MD
LG