Accessibility links

Sülhəddin Əkbər: Neft Akademiyasındakı terrorun əsl sifarişçiləri tapılmayıb


Sülhəddin Əkbər: Neft Akademiyasındakı terrorun əsl sifarişçiləri tapılmayıb

Sülhəddin Əkbər: Neft Akademiyasındakı terrorun əsl sifarişçiləri tapılmayıb

Ekspertin fikrincə, ali məktəbdə kütləvi qətl Nabucco layihəsinin müzakirəsi ərəfəsində törədilib. Terror aktından sonra Azərbaycan layihəni dəstəkləməkdən imtina edib, Türkiyə ilə qazla bağlı ziddiyyətlər başlayıb və Rusiyaya verilən qazın həcmi artırılıb.

Azərbaycan Atlantika Əməkdaşlıq Assosiasiyasının sədri, Milli Təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Akademiyasında baş verən terrorla bağlı Amerikanın Səsi radiosuna müsahibə verib.

Onun fikrincə, Azərbaycan hökuməti terror hərəkətlərinin qarşısını təkbaşına ala bilməz və bundan ötrü ciddi cəhdlər göstərmir. “Neft Akademiyasında törədilən kütləvi qətldən iki il ötməsinə baxmayaraq, cinayətin sifarişçiləri tapılmayıb, onun əsl motivləri açılmayıb. İstintaqın müəyyən etdiyi erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan belə indiyədək dindirilməyib. O, rahat yaşayır və kiçik bizneslə məşğul olur. Bakı isə susur, belə deməyə əsas verir ki, cinayətin sifarişçisi o deyil”.

Cənab Əkbərin sözlərinə görə, terror aktı Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. “Ali məktəbdə kütləvi qətl Nabucco layihəsinin müzakirəsi ərəfəsində törədilib. Terror aktından sonra Azərbaycan layihəni dəstəkləməkdən imtina etdi, Türkiyə ilə qazla bağlı ziddiyyətlər başladı və Rusiyaya verilən qazın həcmi artırıldı”.

Ekspert bildirib ki, Azərbaycan və Gürcüstan İnterpolun, beynəlxalq konvensiyaların üzvləridir. “Odur ki, zəruri materialların gürcü tərəfinə verilməsinə və əsl sifarişçilərin üzə çıxarılmasına heç bir maneə yoxdur. Lakin, Bakı bilir ki, Tbilisi hərtərəfli istintaq aparacaq və elan edəcək ki, cinayətin arxasında Rusiya durur. Bakı isə Kreml ilə münasibətləri pozmaq istəmir. Bundan əlavə, istintaq o qədər səriştəsiz aparılıb ki, onun gürcü tərəfinə təqdim etmək rüsvay olmaq deməkdir və bu da növbəti qalmaqala səbəb olar”.

Cənab Əkbər hesab edir ki, nə qədər ki, Azərbaycanda indiki rejim hakimiyyətdədir, bu cür terror aktları açılmamış qalacaq, əsas təşkilatçıların və sifarişçilərin adları açıqlanmayacaq. “Ola bilsin ki, cinayətin icraçıları ilə təsadüfən tanış olmuş günahsız adamlar əziyyət çəksin. Qlobalizm və müasir geosiyasi qarşıdurma şəraitində terrorizmlə mübarizə beynəlxalq birliyin işidir. Odur ki, Azərbaycan hakimiyyəti tərəfdaşları və dostları ilə səylərini koordinasiya etməlidir. Əks halda ölkəni daha ciddi təhlükələr gözləyə bilər”, - deyə o qeyd edib.

XS
SM
MD
LG