Accessibility links

Sülhəddin Əkbər: Azərbaycanın kəşfiyyat xidməti güclü çalışmalıdır [Video-Müsahibə]


Keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavininin Amerikanın Səsinə müsahibəsi

Keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər Amerikanın Səsinə müsahibəsində Türkiyədə terror aktları, regionda terrora səbəb olan amillər, Azərbaycanın terrorla mübarizə sahəsində apardığı işlər və problemlərdən danışıb.

Amerikanın Səsi: Son dövrlər Türkiyədə terror hücumlarının davamlı hala keçməsinin səbəbləri nədir? Türkiyə təhlükəsizlik xidmətləri terrora qarşı niyə qabaqlayıcı tədbirlər görə bilmir?

Suriyada PKK-nın, daha dəqiq desək onun bir qolu olan PYD-nin uğurlar qazanması bu terror təşkilatını ruhlandırır.

Sülhəddin Əkbər: Bunun iki başlıca səbəbi var. Daxili səbəb ondan ibarətdir ki, Türkiyə Cümhuriyyəti hökuməti, onun Silahlı Qüvvələri, xüsusi xidmət orqanları PKK-ya qarşı Türkiyənin daxilində intensiv mübarizə aparır və mübarizə çox effektivdir. Bu istər-istəməz PKK-nın çox böyük itkilərinə səbəb olur. Çünki bu əməliyyatlar həm Türkiyənin daxilində, həm də Şimali İraqda aparılır. Bu istər-istəməz əks həmlələrə səbəb olur. İkinci ciddi səbəb Suriya ilə bağlıdır, bu xarici səbədir. Suriyada PKK-nın, daha dəqiq desək onun bir qolu olan PYD-nin uğurlar qazanması bu terror təşkilatını ruhlandırır. Digər tərəfdən orada olan mövcud konyektura imkan verir ki, onlar müxtəlif güc mərkəzlərindən eyni zamanda dəstək alsınlar. Eyni zamanda, PYD həm ABŞ-dan ciddi dəstək alır, həm Rusiayadan, həm də Əsəd rejimi ilə müəyyən əlaqələri var. Mən bu iki başlıca səbəbi qeyd edirəm.

Amerikanın Səsi: Azərbaycan terror hücumlarından qorunmaq üçün nə etməlidir? Keçmiş Milli Təhlükəsizlik Nazirliyində bu sahə ilə məşğul olan yüksək vəzifəli şəxlsər korrupsiya, rüşvət və başqa ittihamlarla həbsdədir. Azərbaycan hökumətinin bu sahəyə nəzarət mexanizmləri niyə belə zəif olub?

Korrupsiyanın və mütəşəkkil cinayətkar dəstələrin mövcud olduğu bir xüsusi xidmət orqanının terrorla effektiv mübarizəsindən təbii ki, söhbət gedə bilməz.

Sülhəddin Əkbər: Birincisi onu qeyd edək ki, terror artıq beynəlxalq bir amildir, beynəlxalq təhdiddir. Terrorla təhdid səviyyəsi ümumiyyətlə dünyada yüksəlir. İkincisi onu qeyd edək ki, terror assimetrik bir təhdiddir və onunla mübarizə obyektiv olaraq çox çətindir. Üçüncüsü terrorla effektiv mübarizə çox effektiv kəşfiyyatın olmasını tələb edir. Nəzərə alsaq ki, terror qlobal bir hadisədir, terrora qarşı mübarizə də qlobal miqyasda aparılmalıdır. Neçə ki, dünyada terrorla effektiv mübarizə edəcək qlobal bir antiterror mərkəzi yaradılmayıb, 21-ci əsrdə getdikcə də böyüməkdə olan bu təhdidlə effektiv mübarizə aparmaq çox çətin olavcaq. Azərbaycana gəldikdə isə, Azərbaycan müstəqilliyini yeni bərpa etmiş bir dövlətdir, böyük dövlətçilik təcrübəsi, idarəçilik ənənələri yoxdur, o cümlədən də xüsusi xidmət orqanlarının böyük təcrübəsi yoxdur. Bu baxımdan beynəlxalq dəstəyə ehtiyacı var. Azərbaycanın özündə xüsusi xidmət orqanlarının düşdüyü vəziyyətə baxdıqda isə heç ürək açan bir vəziyyət deyil. Azərbaycan əslində indi terrora qarşı, - mən deyərdim ki, köməksiz vəziyyətdədir. Çünki onun xüsusi xidmət orqanlarındakı vəziyyəti bütün cəmiyyət də, bütün dünya da, o cümlədən terror təşkilatları da bilir. Korrupsiyanın və mütəşəkkil cinayətkar dəstələrin mövcud olduğu bir xüsusi xidmət orqanının terrorla effektiv mübarizəsindən təbii ki, söhbət gedə bilməz. Yeni dəyişikliklər uzun zaman alacaq və bu yenidən Azərbaycan kəşfiyyatının təşkili, terrorla mübarizənin yenidən təşkili, təhlükəsizliyin təşkili uzun zaman alacaq. Yaxın perspektivdə bu baxımdan Azərbaycan çox ağır durumda olacaq. Bu baxımdan Azərbaycanın öz müttəfiqləri və tərəfdaşları ilə birgə hərəkət etməsinə çox böyük ehtiyac var. Azərbaycan digər amillərlə də bunun qarşısını almağa çalışmalıdır. Yoxsa, Azərbaycana qarşı terror mübarizəsi başlayacaqsa çox təəssüf ki, Azərbaycan xoşagəlməz durumda olacaq.

Amerikanın Səsi: Bəs nəzarət mexanizmləri niyə zəif olub?

Neçə ki, Azərbaycanda demokratik sistem qurulmayıb, Silahlı Qüvvələrə, o cümlədən də xüsusi xidmət orqanlarına, kəşfiyyata, əks-kəşfiyyata nəzarət yoxdur.

Sülhəddin Əkbər: Bilirsiniz, xüsusi xidmət orqanları əsasən gizli fəaliyyət göstərir, hətta demokratik ölkələrdə belə onlara nəzarət etmək çox çətindir. Bu baxımdan xüsusi xidmət orqanına nəzarət üçün ilk növbədə ölkədə demokratik sistem qurulmalıdır. Neçə ki, Azərbaycanda demokratik sistem qurulmayıb, Silahlı Qüvvələrə, o cümlədən də xüsusi xidmət orqanlarına, kəşfiyyata, əks-kəşfiyyata nəzarət yoxdur. Bunun üçün birincisi mülki nəzarət olmalıdır, ikincisi parlament nəzarəti olmalıdır, media nəzarəti olmalıdır və cəmiyyətin birbaşa nəzarəti olmalıdır. Bu nəzarət mexanizmləri demokratik rejim olmadan mümkün deyil. Əgər, bu gün açıq fəaliyyət göstərən qurumlarla əlaqə, onlara ictimai nəzarətin olmadığı halda xüsusi xidmət orqanlarına nəzarətdən təbii ki, söhbət gedə biməz.

Amerikanın Səsi: Azərbaycanın hazırki təhlükəsizlik qurumları terrora qarşı qabaqlayıcı tədbirlər görülməsi sahəsində hansı addımlar atmalıdır? Ölkədə vətəndaş-hökumət münasibətləri bu sahədə səmimidirmi?

Azərbaycan müharibə vəziyyətində olduğuna görə həm kəşfiyyat, həm də digər xüsusi xidmət orqanları, o cümlədən əks-kəşfiyyat, terrorla mübarizə mərkəzi xüsusi rejimdə çalışmalıdır.

Sülhəddin Əkbər: İlk növbədə kəşfiyyat xidməti güclü işləməlidir. Çünki, əgər kəşfiyyat zamanında hər hansı terror təhdidi haqqında məlumat ala bilməzsə təhlükəsizlik xidmətinin onu önləməsi çox zordur. Hətta dünyanın inkişaf etmiş ölkələrində belə bu, demək olar ki, mümkün olmur. Bu baxımdan Azərbaycanın kəşfiyyat xidməti güclü çalışmalıdır. İkincisi bayaq da dedyim kimi, qlobal əməkdaşlığa ehtiyac var. Öz tərəfdaşları və müttəfiqləri ilə çox sıx informasiya mübadiləsi aparılmalıdır. Üçüncüsü də Azərbaycan müharibə vəziyyətində olduğuna görə həm kəşfiyyat, həm də digər xüsusi xidmət orqanları, o cümlədən əks-kəşfiyyat, terrorla mübarizə mərkəzi xüsusi rejimdə çalışmalıdır. Vətəndaş münasibətlərinə gəldikdə, çox təəssüf ki, Azərbaycanda demokratik rejim olmadığı üçün dövlət institutlarını, dövlət hakimiyyətini vətəndaş özü formalaşdırmadığına görə onlara inam da yoxdur, etibar da yoxdur. Burada vətəndaşın dövlətə, dövlət orqanına etibarı çox mühümdür. O da ancaq demokratik seçkilərdən, xalqın iradəsi ilə hakimiyyətin formalaşmasından keçir.

Amerikanın Səsi: Geropolitika və profesionallıq kontekstində Azərbaycan terrora qarşı mübarizəni necə qurmalıdır? İndiki gərgin vəziyyətdə Azərbaycan və Türkiyə təhülkəsizlik sistemini birləşdirə bilərmi?

Azərbaycan tarixin gedişini düz oxumalıdır və qalib tərəfdə olmalıdır.

Sülhəddin Əkbər: Nəzərə almaq lazımdır ki, geopolitik qarşıdurma həm dünyada, həm regionda həlledici mərhələyə daxil olub. Bu da istər-istəməz münasibətlərin kəskinləşməsi ilə (müharibələr, böhranlar) müşayiət olunur. O baxımdan Azərbaycan tarixin gedişini düz oxumalıdır və qalib tərəfdə olmalıdır. Mənə elə gəlir ki, güc nisbətinə baxanda, xüsusən də soyuq savaşın nəticələrinə baxdıqda qalibin kim olacağı aydındır. Azərbaycan azad dünya ilə bir yerdə olmalıdır, bir hərəkət etməlidir. Türkiyə də azad dünyanın bir parçasıdır, NATO-nun üzvüdür, Avropa Birliyinə üzvlüyə namizəddir. Qardaş Türkiyənin Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinə sırf mane olacaq hər hansı bir amil, o cümlədən geopolitik amil yoxdur.

XS
SM
MD
LG