Accessibility links

Sumqayıtda silahlı insidentlə bağlı 13 nəfər saxlanıb


Sumqayıtda atışma
Sumqayıtda atışma

Dekabrın 11-də Sumqayıtda iki dini qrup arasında silahlı insident olub

Sumqayıtda baş vermiş silahlı insidentlə bağlı daha iki nəfər saxlanıb. Bununla da saxlananların sayı 13 nəfərə çatıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə baş vermiş cinayətdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Alim Tağıyev və Firudin Musayev saxlanılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətbuat xidməti bildirir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə bıçaq xəsarəti almış Anar Rəhimovun evinə baxış zamanı 1 ədəd “F-1” qumbarası, 1 süngü bıçaq, 30 ədəd patron, 1 patron darağı, 1 ədəd noutbuk, qanunla qadağan olunmuş 3 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, qəlpə yarası almış Elnur Nəzərəliyevin evinə baxış zamanı isə qundağı və lüləsi kəsilmiş 1 ov tüfəngi, 1 süngü-bıçaq, 26 ədəd audio disk, 31 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Eləcə də Quba rayon sakini Anar Mirzəyevin Sumqayıt şəhərində kirayədə yaşadığı evə baxış zamanı 104 qram həşiş, təbliğat xarakterli 16 ədəd audio disk, qanunla qadağan olunmuş 6 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, Sumqayıt şəhər sakini Vüqar Xəlilovun yaşadığı evə baxış zamanı isə 1 qumbara, 31 ədəd avtomat patronu, 1 süngü-bıçaq aşkar edilib.

Dekabrın 11-də Sumqayıtda "Xəvarici" və "Sələfi" dini təriqətləri arasında silahlı münaqişə baş verib, Hadisə nəticəsində yaralananlar olub, Əvvəlcə dörd, sonra üç, şənbə günü isə daha üç nəfər saxlanılıb. Dekabrın 16-da isə daha bir nəfər saxlanıb.

Saxlanılanlar Cinayət Məcəlləsinin "Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə" (228.3-cü) maddəsilə təqsirli bilinir.
XS
SM
MD
LG