Accessibility links

ABŞ prezidenti Barak Obama Böyük 20-lərin sammitində iştirak etmək üçün Sank-Peterburq şəhərinə səfər etsə də, zirvə toplantısına ev sahibliyi edən Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüş keçirməyəcək. İki dövlət başçısını ayıran məsələ Suriyadır.

Adətən daha çox iqtisadi məsələlər ətrafında müzakirələri əhatə edən sammitdə bu dəfə Suriya məsələsi daha çox diqqət mərkəzində olub. Mülki vətəndaşlara qarşı zəhərli qazdan istifadə etməsi səbəbindən Vaşinqtonun Suriya əleyhinə hərbi əməliyyatlar planı iştirakçılar arasında fikir ayrılığı yaradıb.

Çinin maliyyə nazirinin müavini Çu Qanyao mümkün hücumun dünyada neft qiymətlərinə təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıq edib. O deyib ki, Suriyaya qarşı hərbi əməliyyatlar nəticəsində neft qiymətləri qalxacaq, bu da dünya iqtisadiyyatına mənfi təsir göstərəcək.

Rusiya və Çin Suriyanın yaxın ənənəvi müttəfiqləridir.

Rusiya rəsmiləri mətbuat konfrasında Amerikanın Suriya hökumətinin öz vətəndaşlarına qarşı zəhərli qazdan istifadə etdiyinə dair ittihamları ilə bağlı şübhələrini ifadə ediblər.

Prezident Putinin sözçüsü Dmitri Peskov mətbuat konfransında Suriya hökumətinin 1400 adamın ölümü ilə nəticələnən kimyəvi hücum həyata keçirdiyinə dair iddiaların etibarlı olmadığını deyib.

Rusiya rəsmilərinin əksinə olaraq Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri Suriya hökumətini iki həftə bundan əvvəl həyata keçirilən kimyəvi hücuma görə kəskin tənqid ediblər.

“Bu vəziyyət dünyanın vicdanında bir ləkə olaraq qalır”, deyə Avropa Komissiyasının prezidenti Xose Barroso deyib.

Avropa Şurasının prezidenti Herman Van Rompuy Suriya rejiminin zəhərli qazdan isfadə edilməsinə görə məsuliyyət daşıdığını deyib:

”Müxtəlif mənbələrdən əldə edilən informasiya Suriya rejiminin bu hücumlara görə məsuliyyət daşıdığına işarə edir”.

Onlar həmçinin Suriyada yeganə həll yolunun siyasi yol olduğunu bildiblər.

Fransanın Xarici İşlər naziri Loren Fabius Fransa televiziyasına müsahibəsində deyib:

”Fransanın mövqeyi budur, - cəzalandırmaq və müzakirə aparmaq.”

O bildirib ki, Suriya prezidenti Bəşar Əl-Əsəd 100 mindən çox insanın ölümünə səbəb olan vətəndaş müharibəsinə son qoymaq üçün imkana malik deyil.

ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin kameralar qarşısında görüş zamanı gülümsər görünsə də, onlar arasında Sank-Peterburqda təkbətək görüş keçirilməyib.

Cənab Obama Böyük 20-lərin sammitində Fransa, Çin və Yaponiya liderləri ilə görüşüb.

Böyük 20-lər qrupuna daxil olan ölkələr dünya iqtisadiyyatının 80 faizini təmsil edir. Sammit iştirakçılarının bir qrupu Suriya mövzusunun əsas diqqət mərkəzində olmasını təəssüf hissi ilə qarşılayıb.

Transparency International təşkilatının nümayəndəsi Meggi Mörfi Sank-Peterburqa korrupsiya əleyhinə tədbirlərə dəstək qazanmaq məqsədilə gəlib. O deyir ki, liderlər bu imkandan istifadə edib vacib məsələləri müzakirə etməlidir.

Sammitdə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika 100 milyard dollar həcmində valyuta ehtiyat fondu toplamaq barədə razılıq əldə edib. Bu ölkələrin liderləri Vaşinqtonun faiz dərəcələrini qaldıraraq, ABŞ-da daha çox maliyyə axınını təmin edəcəyindən ehtiyat edir. Bu isə inkişaf etməkdə olan dünya ölkələrində iqtisadi artımın azalması və bu ölkərin valyutalarının zəifləməsinə səbəb ola bilər.

Sammitin açılış mərasimində danışan prezident Vladimir Putin 20-lərin liderlərinə toplantının əsas məqsədinin iqtisadi artıma nail olmaq olduğunu xatırladaraq, Suriya ilə bağlı müzakirələri şam yeməyinə qədər saxlamağı xahiş edib.
XS
SM
MD
LG