Accessibility links

ABŞ və Rusiya Suriyada atəşkəs razılığını yekunlaşdırmağa çalışır


ABŞ və Rusiya Suriyada atəşkəs razılığını yekunlaşdırmağa çalışır. Çində Böyük 20-liyin sammiti çərçivəsində dünya liderləri Suriyaya əlavə humanitar yardım çatdırılması yollarını müzakirə edir.

Ölkələr razılıq əldə edilməsinə yaxınlaşsalar da, bir sıra maneələr hələ də qalır.

Biz bəzi mürəkkəb məsələləri nəzərdən keçirdik

Sammit çərçivəsində ABŞ prezidenti Barak Obamanın Rusiyanın dövlət başçısı Vladimir Putinlə qeyri-rəsmi görüş keçirəcəyinə ümid bəslənilir.

Bu arada ABŞ dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrovla bu gün görüş keçirib. Görüşün sabah da davam etdiriləcəyi gözlənilir.

“Biz bəzi mürəkkəb məsələləri nəzərdən keçirdik”-deyə Kerri müxbirlərə bildirib. Lakin o, detallara varmayıb. Kerri deyib ki, sabahkı görüş zamanı fikir ayrılıqlarının aradan qaldırılması səyləri davam etdiriləcək.

ABŞ Suriyadakı vəziyyətin yaxın vaxtlarda nizama salınmasında ciddi fikir ayrılığına görə Rusiya ilə heç cür anlaşa bilmir. Bunu sentyabrın 4-də ABŞ prezidenti Barak Obama bəyan edib.

Obamanın sözlərinə görə, Suriyada müharibənin dayanması üçün iki ölkə konkret addımlarla bağlı razılığa gələ bilmir.

Razılıq əldə edilməyən məsələlərdən biri də hansı qruplara aviazərbələr endirilməsidir.

Obama qeyd edib ki, Moskva və Vaşinqton arasında danışıqlar davam edəcək.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov da razılığın əldə edilməsiniə yaxınlaşıldığını qeyd edərək, gərgin iş aparıldığını vurğulayıb.

Suriyanın vətəndaş müharibəsi nəticəsində 250 mindən artıq insan həlak olub. 11 million suriyalı Yaxın Şərq və Avropa ölkələrində sığınacaq əldə edib.

Müharibə İslam Dövləti kimi qruplaşmanın fəaliyyətinə vüsət verib.

XS
SM
MD
LG