Accessibility links

Suriya hökuməti və müxalifətin təmsilçiləri ilk dəfə bir araya gəlib


Suriya hökuməti və Qərbin dəstəklədiyi müxalifətin təmsilçiləri 3 ildir davam edən vətəndaş müharibəsinə son qoyulması məqsədi ilə ilk dəfə bir araya gəlib. 30 dəqiqə sürən görüş Cenevrədə keçirilib. Görüş zamanı tərəflər yalnız BMT vasitəçisi Laxdar Brahimini dinləyib.

Müzakirələrin növbəti sessiyasında humanitar məsələlər müzakirə edilib.

Müxbirlərin suallarını cavablandıran Brahimi görüşün mühüm nəticələr vermədiyini bildirib. O, tərəflərin Homsun humanitar vəziyyətini müzakirə etdiyini deyib və bazar ertəsi humanitar yardımın şəhərə çatdırılması üçün razılıq əldə ediləcəyinə ümid bəslədiyini bildirib.

Müxalifətin təmsilçisi Louay Safi Homsda hökumətin suları kəsdiyi üçün ölümə məhkum edilən sakinlər naminə müzakirələrin labüd olduğunu deyib.
Danışıqlar bazar ertəsi davam etdirilməlidir.

ABŞ Dövlət Departamentinin sözçüsü Edqar Vasquez deyib ki, məqsədlərinin ciddiliyini nümayiş etdirən müxalifət danışıqlara konstruktiv nəticə əldə edilməsi niyyəti ilə qatılıb.

Digər bir Amerika nümayəndəsi Suriyada mülki əhalinin qırıldığı bir vaxt hökumətin oyun oynadığını bildirib.

Bundan əvvəl Suriya höküməti şənbə gününə kimi ciddi müzakirələrə başlanmadığı təqdirdə müxalifət təmsilçiləri ilə sülh danışıqlarından geri çəkiləcəyini bildirib.

Müxalifət deyib ki, prezident Bəşar Əl-Əsədin hakimiyyətdən getmə məsələsi müzakirə olunmasa, Suriya hökümətinin təmsilçiləri ilə birbaşa danışıqlar aparılmayacaq.

Dəməşq bu təklifi rədd edib və üsyançıları terrorizmi dəstəkləməkdə günahlandırır.

Dünən ABŞ dövlət katibi Con Kerri deyib ki, əgər Suriyada sülhə nail olunmasına çalışılırsa, bu halda Əsəd hakimiyyəti tərk etməlidir. Belə ki, müxalifət onun hakimiyyətdə qaldığı müddətcə mübarizəsini dayandırmayacaq.

Cenevrə-2 danışıqlarının məqsədi müvəqqəti hökumətin təşkilidir. Lakin təhlilçilər ciddi bir nəticə əldə ediləcəyinə çox az inanır.

Suriyada 2011-ci ilin mart ayından bəri vətəndaş müharibəsində 100 min insan öldürülüb, 9 milyon adam evindən didərgin düşüb.
XS
SM
MD
LG