Accessibility links

BMT-nin Suriyadakı müşahidəçi qrupunun rəhbəri Babakar Gaye Dəməşqi tərk edib. Müşahidəçi komandası BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın baş tutmayan sülh səyləri çərçivəsində Suriyaya göndərilmişdi. Müşahidəçi missiyası sabah rəsmən başa çatır.

BMT Annanın xələfi, əlcəzairli diplomat Laxdar Brahiminin vasitəçiliyi ilə ölkədə sülhün bərqərar edilməsi üçün Dəməşqdə ofisini saxlamağa çalışacaq.

Fəalların bildirdiyinə görə, bu gün Suriya qüvvələri tanklar və vertolyotların müşayiəti ilə Hələb şəhərində reyd keçirib. Əksəriyyəti mülki əhali olmaqla, 40-dan artıq adam həlak olub.

Dünən Suriya ordusunun Dəməşq ətraflarına hücumları nəticəsində 21 adam həlak olub. Bir neçə şəhərdə isə hökumət əleyhinə nümayişlər baş qaldırıb. Suriyanın İnsan Hüquqları Müşahidəsi qrupu dünəndən bəri Suriyda hökumət əleyhinə nümayişlərdə140 adamın həlak olduğunu bildirir.

Müxalif fəallar Dərayada əksəriyyəti mülki əhali olmaqla, 70 adamın həlak olduğunu bildirir.

Sünni müsəlmanların yaşadığı bir sıra məhəllələrdə də qızğın döyüşlər gedir. Deir Ezzor şəhərində Suriya Azadlıq ordusu və hökumət qüvvələri arasında toqquşma olub.
XS
SM
MD
LG