Accessibility links

ABŞ-ın müdafiə naziri Çak Heygel prezident Barak Obama qərar versə, hərbi qüvvələrin Suriyada əməliyyata keçməyə hazır olduğunu deyib.

Malayziyada səfərdə olan nazir bildirib ki, ABŞ və onun müttəfiqləri Suriya hökumətinin kimyəvi silahlardan istifadə etməsinə cavab yollarını araşdırır.

Dünən Barak Obama yüksək səlahiyyətli təhlükəsizlik müşavirləri ilə görüş keçirib, Suriya hökuməti ilə bağlı atılacaq addımları müzakirə edib.

Ağ Evin bildirdiyinə görə, prezident Britaniyanın baş naziri Devid Kameronla danışıb. Tərəflər yaranmış vəziyyətə görə dərin narahatlıqlarını bildiriblər.

ABŞ Dövlət Departamentinin məlumatına görə, dövlət katibi Con Kerri suriyalı həmkarı ilə görüşü zamanı deyib ki, əgər Dəməşqin gizlətməli bir işi yoxdursa, o halda dərhal BMT müfəttişlərinin yoxlanış aparmalarına şərait yaratmalıdır.
Kerri bundan əlavə Ərəb Liqasının rəsmiləri ilə də müzakirələr keçirib.

Bu arada, Sərhədsiz həkimlər təşkilatının bildirdiyinə görə, Suriya xəstəxanalarında 3600 nəfər zəhərli maddələrdən zəhərlənmə diaqnozu ilə müalicə edilir.

Təşkilat bildirir ki, Dəməşqin 3 xəstəxanasına gətirilən insanlarda zəif görmə, qıcanma, artıq türüpcək ifrazı kimi toksik zəhərlənmə simptomları qeydə alınıb. Bu insanların 10 faizinin dünyasını dəyişdiyi bildirilir. Yardım işçiləri və bu insanları xəstəxanaya çatdıranlarda da zəhərlənmə simptomları müşahidə edilib. Sərhədsiz həkimlər təşkilatı bunu kütləvi zəhərlənmə kimi qiymətləndirir.

Təşkilatın məlumatı Suriya hökumətinin kimyəvi silahlarla hücumu nəticəsində 1000-dən adamın həlak olduğuna dair iddialardan sonra verilir.
XS
SM
MD
LG