Accessibility links

Suriya paytaxtı Dəməşqdə hökumət qüvvələri Hula kəndində 109 mülki vətəndaşın, o cümlədən onlarla uşağın öldürülməsinə etiraz edən nümayişçilərə atəş açaraq iki nəfəri qətlə yetiriblər.

Etirazçılar Dəməşq civarındakı Yalda və Daraya məhəllələrində toplaşaraq prezident Bəşər Əsədin hakimiyyətdən getməsinə çağırıblar.

Suriya rəsmiləri deyirlər ki, hökumət yüzdən çox adamın, o cümlədən onlarla uşağın ölümü ilə nəticələnən qətliama görə məsuliyyət daşımır.

Xarici işlər nazirliyinin sözçüsü Dəməşqdə müxbirlərə bildirib ki, cümə günü Hula kəndində baş verən qırğını anti-hökumət qüvvələr törədib. O, hökumətin bu “terrorçu” hücumunu pislədiyini və təhqiqat başlandığını deyib. Sözçü əlavə edib ki, BMT elçisi Kofi Annan bazar ertəsi Suriyaya gələcək.

Suriyalı fəallar Hula qətliamnın hökumət və hökumətə yaxın silahlı dəstələrin əməli olduğunu deyir.

Bu hücum ölümlərin sayına görə Bəşər Əsədə qarşı 15 ay bundan öncə baş qaldırmış üsyan əsnasında baş vermiş ən pis qətliam hesab olunur.

XS
SM
MD
LG