Accessibility links

130 mindən çox Suriya kürdü Türkiyəyə qaçıb


Türkiyə rəsmiləri deyir ki, keçən həftənin sonu İslam Dövləti yaraqlılarının regionda nəzarətini genişləndirməsindən bəri 130 mindən çox Suriya kürdü Türkiyə ərazisinə keçib.

Baş nazirin müavini Numan Qurtuluş bildirdiyinə görə, hökumət bu rəqəmin artacağını gözləyir və ən pis ssenari üçün hazırlıq görür.

Türkiyə artıq Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri 850 mindən çox suriyalı qaçqını qəbul edib. Onların təxminən 300 mini bu il Türkiyəyə pənah aparıb.

Son dalğa keçən həftə İslam Dövlətinin Suriyanın şimalında kürdlərin yaşadığı ərazilərə daxil olandan sonra müşahidə edilib.

İslam Dövləti qrupunun militantları Suriyanın şimalında strateji baxımdan mühüm kürd şəhərlərini ələ keçirməyə cəhd göstərərək, Türkiyə ilə sərhəd bölgəsində mövqelərini möhkəmləndirməyə çalışır.

İŞİD döyüşçülərinin Ayn Əl-Ərəb, eləcə də Kobana adı ilə tanınan şəhərin 10-15 kilometrliyində olduğu haqda məlumat verilir.

Kürdüstan Fəhlə partiyası PKK Türkiyədə olan kürdləri Suriya il sərhədi müdafiə etmək üçün silahlanmağa çağırıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, 300 kürd Suriya Kürdlərini Müdafiə birləşmələrinə qoşulmaq üçün Suriya ərazisinə keçib.

XS
SM
MD
LG