Accessibility links

ABŞ Suriya müxalifətinin silahla təmin edilməsi fikrini dəstəkləyir


ABŞ dövlət katibi Amerikanın Fransa və Britaniyanın Suriya müxalifətinin silahla təmin edilməsi fikrini dəstəklədiyini deyib. Con Kerri bildirib ki, ABŞ prezidenti Barak Obama Suriya müxalifətini hərbi avadanlıqla təchiz edəcək heç bir ölkənin yolunda durmayacağını aydın şəkildə dilə gətirib.

Suriyanın Milli Koalisiyası müxalifətin əlində olan bölgələrə nəzarət məqsədi ilə baş nazir təyin etməlidir. Səsvermə sabah İstanbulda baş tutacaq. İndiyədək keçirilən toplantılarda buna nail olunmamışdı.

Koalisiyanın sədri Corc Sabra deyib ki, baş nazir böhran səbəbi ilə didərgin düşmüş insanlara yardım məsələsi ilə də məşğul olacaq.

Baş nazir vəzifəsinə iqtisadçı Üsama Qazi, biznes adamı Gassan Hitto və Suriyanın sabiq kənd təsərrüfatı naziri Əsəd Aşiq namizəd göstərilib.

Müxalifətin bəzi üzvləri isə baş nazir deyil, icraedici orqanın təsis edilməsini istəyir.

ABŞ, Fransa, Britaniya, Türkiyə kimi 100-dən artıq ölkə Suriya xalqının təmsilçisi kimi müxalifət koalisiyasını rəsmən tanıyıb.

Bu arada Livanın təhlükəsizlik mənbələri Suriyanın hava qüvvələrinin ilk dəfə olaraq sərhəd bölgələrini bombardman etdiyini bildirib. Hücum iğtişaşların bu qonşu ölkəyə yayılacağına dair narahatlıqları artırıb.

Suriyanın hökumət qüvvələri Dəmıəşqin bəzi bölgələrini də hücuma məruz qoyub. Tələfat barədə məlumat verilmir.
XS
SM
MD
LG