Accessibility links

ABŞ qanunvericiləri humanitar yardımların artırılmasına çağırır

Suriyada vətəndaş müharibəsi 2 milyon insanı didərgin salıb. Onların yarısını uşaqlar təşkil edir. Qaçqın sayının çoxluğu qonşu ölkələrin onlara sığınacaq verməsini çətinləşdirir.

ABŞ dövlət katibinin yardımçısı Ann Riçard Suriyanın qaçqın böhranının dərinləşdiyini deyir:”Bu, Suriyanın intiharı deməkdir. Bu qədər insanın xilas edildiyi, onlara yardım gösərildiyinə baxmayaraq, vəziyyət hələ də ağırdır.”

Senat qarşısında Suriyanın qaçqın böhranı ilə bağlı dinləmələrdə iştirak edən daha bir nümayəndə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin humanitar administratoru Nensi Linborq hökumət və yardım agentliklərinin səfərbərliyi və ABŞ-ın o ölkəyə göstərdiyi 1.3 milyard dollarlıq yardımından danışıb. “Biz bilirik ki, humanitar yardım böhranları həll etmir, qan axıdılmasını dayandırmır. Lakin yardım insan həyatlarını xilas edir.”

Demokrat senator Şeldon Vaythaus Obama administrasiyasını yardım səylərini artırmağa çağırıb.

Demokrat senator Riçard Durbin də ABŞ-ın Suriya qaçqınlarına yardımını artırmasının vacibliyini qeyd edib.

Respublikaçı senator Ted Kruz qaçqın axının Suriyanın qonşularının da sabitliyini pozduğuna dair xəbərdarlıq verib.

Respublikaçı senator Lindsi Qraham bildirib ki, İordaniya və Livan kimi ölkələr Suriya qaçqınlarına sərhədlərini bağlasa humanitar fəlakət qorxulu şəkil alacaq.O, ABŞ rəsmilərini ən pis vəziyyətə hazırlıq məqsədi ilə plan tərtib edilməsinə çağırıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ən pis vəziyyətlərin nəzərə alındığını, lakin onların Suriyanın daxili və ətraflarındakı vəziyyətə görə daim ağırlaşdığını bildirir.
XS
SM
MD
LG