Accessibility links

Suriya Ərəb Liqasının müşahidəçi missiyasını qəbul etməyə razı oldu

  • Amerikanın səsi

Suriya Ərəb Liqasının müşahidəçi missiyasını qəbul etməyə razı oldu

Suriya Ərəb Liqasının müşahidəçi missiyasını qəbul etməyə razı oldu

Suriya hökuməti Ərəb Liqasının müşahidəçilərini ölkəyə buraxmaq tələbinə müsbət cavab verib. Liqa bir müddət əvvəl prezident Bəşar əl-Əsədə sadiq qüvvələrin nümayişçilərə basqılarını təftiş etmək üçün ölkəyə müşahidəçi qrupu göndərmək tələbi ilə çıxış etmişdi.

Suriya İnsan Haqları Müşahidəçiləri qrupu ölkə boyu baş verən zorakılıqlarda azı 11 adamın öldüyünü xəbər verir. Təhlükəsizlik qüvvələri Homs vilayətində beş mülki vətəndaşı qətlə yetiriblər. Taibisa kəndində bir neçə gün əvvəl güllə ilə vurulmuş şəxs bu gün vəfat edib. Cənubi Dəra qəsəbəsi yaxınlığında isə ordudan qopmuş qüvvələr üç əsgəri və bir polisi öldürüblər. Əsasən Homs vilayətində bazar günündən bəri 35 adam həlak olub.

Suriya xarici işlər nazirinin sözçüsü Cihad Makdissi deyib ki, hökumət Ərəb Liqasının rəhbəri Nabil Elarabiyə dünən məktub göndərib. Liqa Suriyaya müşahidəçi missiyasını ölkəyə buraxmaq üçün bazar gününədək möhlət vermişdi. Əks təqdirdə Suriyanı yeni sanksiyalar gözləyirdi.

Ötən ay Suriyanın müşahidəçi missiyasını rədd etməsinə cavab olaraq Ərəb Liqası Dəməşqə sərt sanksiyalar tətbiq edib. Həmin sanksiyalara Suriyanın 19 yüksək srütbəli rəsmisi, o cümlədən prezident Əsədin qardaşı Mahirə səyahət qadağası daxildir.

XS
SM
MD
LG