Accessibility links

Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasının elçisi Laxdar Brahimi Suriyadakı vəziyyətin çox pis olduğunu və beynəlxalq birliyin öz səylərini birləşdirərək Suriya xalqına 19 ay davam edən böhrandan çıxış yolu tapmaqda yardım etməsinin vacibliyini vurğulayıb.

Bazar ertəsi Moskvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla məsələni müzakirə edən cənab Brahimi Qurban Bayramında əldə olunmuş atəşkəs razılığının baş tutmadığına görə təəssüf hissi keçirdiyini bildirib, lakin o, bu uğursuzluğun sülh tapmaq səylərinə mane olmayacağını deyib.

Cənab Brahimi həmçinin Birləşmiş Millətlər Təşkilatının Suriyaya sülhməramlı kontingent göndərməyəcəyini bildirib.

Elçinin Suriya hökumətini və prezident Bəşar əl-Əsədə qarşı döyüşən üsyançıları Qurban Bayramı ərəfəsində atəşkəsə əməl etməyə çağırmasına baxmayaraq, hər iki tərəf döyüşləri davam etdirib.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidəçiləri qrupu bazar günü 110 suriyalının öldürüldüyünü bildirib.
XS
SM
MD
LG