Accessibility links

BMT-nin Suriyanın mühasirədə olan Homs şəhərinə yardım səylərinə mane olunub. Belə ki, yardımlara görə elan edilən 3 günlük atəşkəs yeni döyüşlərlə pozulub.

Lakin yardım işçiləri bu gün şəhərə humanitar yardımları çtdırmağa cəhd edirlər. Suriyanın Qırmızı Xaç Cəmiyyətinin rəhbəri Xaled Erksusi Associated Press-ə bildirib ki, şəhərdən insanların evakusiyası davam etdirilib və daha 600 adam şəhərdən çıxarılıb.

Qırmızı Xaç yardım daşıyan yük maşınlarından birinin sürücüsünün naməlum hücumçular tərəfindən yaralandığını bildirir.

Homsun bir neçə bölgəsində atışmalar olub. Hökumətlə müxalifət isə hücumlara görə biri digərini günahlandırır.

BMT-nin Fövqəladə Hallar Koordinatoru Valeri Amos döyüşlərin bərpa edilməsinə görə dərin narahatlığını bildirib. O deyib ki, mülki əhali və yardım işçilərinə qarşı təhlükə günbəgün artmaqdadır.

BMT əhalini ərzaq, dərman və digər təcili yardım ləvazımatı ilə təmin edir.

Suriya hökumətinin Homs şəhərini bir ildən artıq mühasirədə saxlaması şəhərdə ərzaq qıtlığına yol açmışdı.

BMT və Suriya hökumətinin cümə axşamı əldə etdikləri razılığa əsasən Homs və digər mühasirədə olan şəhərlərə yardım çatdırılması məqsədi ilə 3 gün atəşkəs elan edilib.
XS
SM
MD
LG