Accessibility links

Suriyada vəziyyət gərgindir


Azad Suriya Ordusunun komandiri yanvar ayında Cenevrədə keçiriləcək sülh konfransına qatılmayacağını bəyan edib.

General Səlim İdris Əl-Cəzirə televiziyasına müsahibəsi zamanı Suriya prezidenti Bəşar Əl-Əsədin devrilməsi yolunda mübarizəsini davam etdirəcəyini deyib. O, döyüşlərin nə konfrans zamanı, nə də konfransdan sonra dayandırılacağını bildirib.

Suriyanın xaricdəki müxalif Milli Koalisiyası yanvar ayının 22-nə təyin edilən konfransda iştirakına dair hələ qərar vermədiyini deyib.

İranın xarici işlər naziri Cavad Zərif qeyd-şərtsiz Cenevrə-2 konfransına qatılacağını bildirib.

BMT-nin təxminlərinə görə, Suriyada iki ildən artıqdır davam edən münaqişə səbəbi ilə 100 min nəfər həlak olub, milyonlarla insan didərgin düşüb.

Bu arada, hökumət Dəməşq yaxınlığında 15 adamın ölümü, 30-dan artıq insanın yaralanmasına səbəb olan hücumdan sonra terrorçularla mübarizənin genişləndiriləcəyini bildirib. Öldürülənlərin 6-nın əsgər,2-nin uşaq olduğu bildirilir.

Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı Suriyada daha 2 nəfərdə poliomielit xəstəliyi aşkarlandığını təsdiq edib.
XS
SM
MD
LG