Accessibility links

Qafqaz Müsəlmanları İdarəsi Suriyaya hərbi müdaxilə bəyanatlarını pisləyir


Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi

“Demokratiyanı hansısa dövlətə süngü ucunda gətirməyin mümkün olmadığı kimi, hərbi müdaxilənin də hansısa xalqı xoşbəxt etməsi mümkün deyil”, bəyanatda qeyd edilir

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ABŞ-ın Suriyada hərbi əməlyyatlara başlaya bilməsinə etiraz olan bəyanat yayıb.

Sənəddə bu hərbi əməliyyatların başlanacağı ilə bağlı xəbərlərin dünya ictimaiyyəti kimi QMİ-ni də narahat etdiyi bildirilir.

“Bu hadisələr bütünlükdə bəşəriyyətin taleyinə təsir göstərə bilər”.

Suriya torpaqlarında tarixən müxtəlif dinlərin nümayəndələrinin yaşadığı və zəngin mənəvi irs yaratdığı qeyd edilir. İndi bu torpaqlarda müqəddəs məkanların, o cümlədən, islam ziyarətgahlarının dağıdılması, insanların kütləvi məhv edilməsi kimi anti-insani proses getməsinə diqqət çəkilir.

QMİ bu hadisələrə heç vəchlə haqq qazandırmadan, bütün günahkarların beynəlxalq mühakiməyə verilərək cəzalandırılmasının tərəfdarı olduğunu bəyan edir.

Sənəddə insanlıq əleyhinə cinayət işlədənlərin məhv edilməsi adı ilə günahsız insanların cəzalandırılması qəbuledilməz sayılır.

QMİ demokratiyanı hansısa dövlətə süngü ucunda gətirməyin mümkün olmadığı kimi, hərbi müdaxilənin də hansısa xalqı xoşbəxt etməsinin mümkün olmadığını nəzərə çatdırır.

“Bunun sonu görünməyən acı nəticəsi və gələcək fəsadları özünü Əfqanıstan və İraqın nümunəsində göstərməkdə davam edir”, - deyə adları çəkilən dövlətlərdə terroroun davam etdiyi qeyd olunur.

QMİ bütün problemləri, qaynar nöqtələrdəki gərginliyi birgə səy, beynəlxalq hüquq normalarına uyğun şəkildə aradan qaldırmağı təklif edir. Heç bir siyasət dinc əhalinin qırğınına, nahaq qan tökülməsinə, müqəddəs ibadətgahların dağıdılmasına səbəb olmamalıdır.

Son olaraq, müəlliflər ABŞ vətəndaşlarının iradəsini ifadə edən Konqresin “müdaxiləyə yox” sədalarına biganə qalmayacağına və Suriyada hərbi əməliyyatlarla bağlı qərara yox deyəcəyinə ümid etdiklərini bildirilər
XS
SM
MD
LG