Accessibility links

Suriyada bir evdə 20-25 azərbaycanlı qalır

İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Suriyada İŞİD-in tərkibində döyüşməkdə günahlandırılan Anar Mahmudov və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Anar Mahmudov və Elvin Əsgərov 2015-ci ilin oktyabrında keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən anti-terror əməliyyatı nəticəsində saxlanılıb.

İstintaq müəyyən edib ki, Anar Mahmudov və Elvin Əsgərov digərləri ilə ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış BMT tərəfindən terror təşkilatı kimi tanınmış “Cəbhət Ən Nusra” adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya ərazisində, həmin dövlətin və Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan “Cumdul Xəlifə” adlı silahlı birləşmənin fəaliyyətində cinayətkar birlik halında qəsdən iştirak edərək odlu silahdan istifadə etməklə terrorçuluq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanı vurulması və başqa çoxsaylı cinayətlər törədiblər.

Onlar Azərbaycan Cinayət Məcəlləsinin 12.1 (Cinayət qanunun Azərbaycan ərazisindən kənarda törədilməsinə görə qüvvəsi), 279.1-ci (Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma), 12.3 (Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq), 28 (Cinayətə hazırlıq), 214.2.1 (Terrorçuluq - qabaqcadan əlbir olan dəstə tərəfindən törədildikdə), 214.2.3 (Terrorçuluq - odlu silahdan istifadə ilə edildikdə), 218.2-ci (Cinayətkar birlik yratama) və 283-1.3-cü (Milli, iqrqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Bu günki məhkəmə iclasında Anar Mahmudov və Elvin Əsgərov sərbəst ifadə verib. Mahmudov və Əsgərov özlərini qismən günahkar saydığını etiraf edib.

Hər iki şəxs Suriyaya getməkdə məqsədlərinin müsəlmanlara kömək etmək olduğunu bildirib və bu fikrə gəlməklərinə internet vasitəsi ilə yayılan məlumatlar səbəb olduğunu bildirib. Onlar islam dininin sünni təriqətinin sələfi qoluna etiqad edir və 2013-cü illərdə Suriyada olub. Belə ki, Gürcüstan ərazisi vasitəsi ilə Türkiyəyə (əvvəlcə İstanbula, sonra Suriya ilə sərhəddə olan Türkiyənin Reyhanlı məntəqəsinə gəliblər) və nəhayət tanımadıqları Xalid adlı şəxs vasitəsi ilə Suriyaının Artma şəhərinə gediblər.

Anar Mahmudov bildirib ki, 2013-cü ilin fevralında Suriyaya gedib və beş ay orada postda durub. Orada Abu Hafs (istintaq müəyyən edib ki, bu şəxsin həqiqi adı İntiqam Əliyevdir) adlı şəxsin komadanlığı altında çalışıb.

O döyüşlərdə sol ayağından yaralanıb və 2013-cü ilin iyulunda getdiyi yolla geri, Azərbaycana qayıdıb.

“Türkiyənin sərhədini əsgərlərin yanından keçdik. İnsanlar kütləvi şəkildə sərhədi geçir, mən də keçdim. Əsgərlər heç kimi saxlamırdı”, Anar Mahmudov bildirib.

Mahmudov Azərbaycana qayıtdıqdan sonra ailə həyatı qurub və bir uşağı var.

Elvin Əsgərov Şamaxı rayonundandır. O Suriyaya Anar Mahmudovun getdiyi marşrutla gedib. Artma şəhərində olub və biət (təşkilata qəbul üçün razılıq verməyib) etməyib.

“Mən orada cəmi bir həftə qaldım və geri qayıtdım. Hər hansı təşkilatın üzvü olmadım, döyüşlərdə, təlimlərdə iştirak etmədim. Oraya müsəlmanlara kömək məqsədi ilə getdim. Amma, gördüm ki, müsəlmanlar bir-birinə qarşı döyüşür və bu səbədən geri qayıtdım”, o qeyd edib.

Əsgərovun Azərbaycanda həyat yoldaşı, valideynləri və iki övladı var. Dövlət ittihamçısının, - “ailə üzvlərini burada kimin ümidinə qoyub Suriyaya getmişdin?”, - sualının cavabda o deyib.

“Valideynlərimi, övladlarımı allahın ümidinə qoyub müsəlmanlara köməyə getmişdim. Elə, biz hamımız da allahın ümidindəyik. Orada bomba düşüb ölə də bilərdim. Alahhın ümidinə gedəcəkdim. Biz hamımız bu dünyada da, o dünyada da allahın ümidindəyik”, Əsgərov bildirib.

Sərbəst ifadələrdən məlum olub ki, Artma şəhərində çoxsaylı azərbaycanlılar var.

“Biz qaldığımız iki mərtəbəli evdə 20-25 azərbaycanlı var idi. Suriyada döyüşlərdə iştirak edən, ailəlikcə yaşayan, hicrət edən azərbaycanlılar çoxdur”, Əsgərov qeyd edib.

Məhkəmə prosesi iyulun 25-də davam etdiriləcək.

XS
SM
MD
LG