Accessibility links

Avropada sığınacaq axtaran suriyalılar


Suriyalı qaçqınlar
Suriyalı qaçqınlar

BMT QAK ölkələri Avropadakı suriyalı qaçqınlar üçün daha çox işlər görməyə çağırır. Avropada təxminən 123 000, Avropa İttifaqında, Norveç və İsveçrədə 112 700 nəfər suriyalı sığınacaq üçün müraciət edib

BMT Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Avropa ölkələrini Suriya böhranına reaksiyalarını gücləndirməyə çağırıb. "Suriyalı qaçqınlar Avropada: Avropa müdafiəni və həmrəyliyi təmin etmək üçün nə edə bilər?" adlı yeni məruzədə BMT QAK dövlətləri öz ərazilərinə girişi, o cümlədən sığınacaq müraciətləri ilə bağlı ədalətli və səmərəli prosedurları, habelə adekvat qəbul şərtlərini təmin etməyə və Suriyadakı münaqişədən qaçıb xilas olmuş qaçqınların müdafiəsini, təhlükəsizliyini təmin edə biləcək digər proqramları aktiv surətdə nəzərdən keçirməyə çağırır.

BMT QAK məlumatına görə hazırda daha çox sayda suriyalı regiondan xeyli kənarda olan ölkələrdə təhlükəsizlik axtarırlar. Onların çoxu təhlükəsizliyə nail olmaq və bəzi hallarda artıq Avropada məskunlaşmış olan ailə üzvlərinə qovuşmaq üçün uzun və təhlükəli yola çıxırlar.

“Münaqişə başladığı 2011-ci ildən bəri Avropada təxminən 123 000 nəfər, Avropa İttifaqında, Norveç və İsveçrədə 112 700 nəfər suriyalı sığınacaq üçün müraciət edib. Suriyanın qonşuluğundakı ölkələrə üz tutan təxminən 2,9 milyon qaçqınla müqayisədə bu rəqəm kiçik olaraq qalır. Münaqişə başlayandan bəri Suriyalıların 4%-ə yaxını Avropa ölkələrində (Türkiyə istisna olmaqla) sığınacaq istəyiblər”, məlumatda qeyd edilir.

Bugünkü məruzədə bütün Avropa ölkələrinə çağırış edilir ki, beynəlxalq hüquq üzrə daşıdıqları vəzifələr əsasında bu duruma reaksiya olaraq uzunmüddətli tədbirlər həyata keçirsinlər və regiondakı ölkələrlə açıq-aydın həmrəylik nümayiş etdirsinlər.

Məruzədə, həmçinin, BMT QAK-ı narahat edən bəzi boşluqlar və çatışmazlıqlar vurğulanır. Buraya aşağıdakılar daxildir: quru və dəniz sərhədlərindən geri qaytarılma, sığınacaq müraciətləri ilə bağlı səmərəli prosedurlara çıxışın ləng təmin edilməsi, qeyri-adekvat qəbul şəraiti, baxılmamış saxlanılan sığınacaq müraciətlərinin çoxluğu, ailə üzvlərinin qovuşmasına maneələr yaradılması, əlverişsiz vəziyyətdə olan sığınacaq axtaranların müəyyənləşdirilməsi, onlara yardım göstərilməsi üçün mexanizmlərin olmaması və həbs vasitəsindən istifadə edilməsi.

Bu günədək Avropa ölkələri Suriyadan olan qaçqınların məskunlaşması, humanitar səbəblərdən ölkəyə buraxılması və digər formalarda qəbul edilməsi üçün 31.817 yer təklif edib.

XS
SM
MD
LG