Accessibility links

BMT QAK: Suriyalı qaçqınların sayı 2 milyona çatıb


Suriyalı qaçqınlar
Suriyalı qaçqınlar

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Misirdə 110 min, İraqda 68 min, İordaniyada 515 min, Liviyada 716 min və Türkiyədə 460 min qaçqın məskunlaşıb

Suriyalı qaçqınların sayı artıq 2 milyonu keçib və bu faciəvi axının sonu görünmür. Üç ildir ki, davam edən münaqişə nəticəsində onlarla qadın, uşaq və kişilər bellərində yalnız paltar yükləri ilə Suriyanı tərk edir. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) məlumatında deyilir.

QAK-ın fikrincə, son 12 ayda ölkəni tərk edən insanların sayının təxminən 1,8 milyona çatması qorxuducu haldır.

Bir il bundan əvvəl suriyalı qaçqınların və qaçqın statusu almaq üçün gözləyənlərin sayı 230 671 nəfər təşkil edirdi.

“Suriya əsrimizin faciəsinə çevrilmişdir – tələfat və çox sayda insanın doğma torpaqlarını tərk etməsi ilə müşahidə olunan biabırçı humanitar fəlakətdir”, deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı António Guterres bildirib.

Suriyalı qaçqınların 97 faizdən çoxu qonşu ölkələrdə məskunlaşaraq həmin dövlətlərin infrastruktur, iqtisadiyyatları və cəmiyyətləri üçün ağır yükə çevriliblər. Həmin ölkələrin bu böhranın öhdəsindən gələ bilmələri üçün təcili böyük həcmli beynəlxalq yardıma ehtiyacları var.

BMT QAK-ın xoşməramlı səfiri Angelina Jolie məsələnin əsas mahiyyətinə toxunaraq bir çox suriyalını öz ölkələrini tərk etməyə məcbur edən ölüm, itki və təhlükə səviyyəsinə görə narahatlığını ifadə edib.

“Dünya Suriya humanitar böhranına qarşı laqeyd qalmaq təhlükəsi ilə üzləşə bilər. Münaqişə ərzində baş verən kütləvi insan itkiləri böyük təhlükələr yaradır. Əgər vəziyyət pisləşməkdə davam etsə qaçqınların sayı daha da artacaq və bir sıra qonşu ölkələr dağılmaq təhlükəsi ilə üzləşə bilər. Dünya ölkələri arasında Suriya münaqişəsinin həlli məsələsində ciddi fikir ayrılıqları mövcuddur”, xanım Jolie qeyd edib.

Onun fikrincə, insanların xilas olunmasında heç bir fikir ayrılığı olmamalıdır və şübhəsiz ki, dünya ölkələri bu istiqamətdə daha çox iş görməlidirlər.

“Biz evlərindən didərgin düşmüş milyonlarla günahsız insana yardım etməli və qonşu ölkələrə insan axınının öhdəsindən gələ bilmələri məqsədilə dəstək olmalıyıq”, xoşməramlı səfir bildirib.

Hər gün orta hesabla, 5 minə yaxın suriyalı qonşu ölkələrə köçür, humanitar yardımın artırılması və onları qəbul edən icmalara dəstək olunması zərurəti kritik həddə çatıb. Ətraf ölkələrə kütləvi qaçqın axınının yaratdığı iqtisadi və digər çətinlikləri nəzərə alaraq İraq, İordaniya, Liviya və Türkiyədən nazirlər beynəlxalq yardımın tezləşdirilməsi məqsədilə sentyabr ayının 4-də Cenevrədə BMT QAK-la görüş keçiriblər.

2 milyon - qaçqın və ya qaçqın statusu almaq üçün gözləyən suriyalıların sayıdır. Avqustun sonuna qədər onlardan 110 mini Misirdə, 168 mini İraqda, 515 mini İordaniyada, 716 mini Liviyada və 460 mini Türkiyədə məskunlaşıb. Onların 52 faizini 17 yaş və ondan kiçik uşaqlar təşkil edir. BMT QAK, bu yaxınlarda, avqustun 23-də suriyalı qaçqın uşaqların sayının 1 milyonu keçdiyini bildirib.

BMT‐nin Humanitar İşlərin Əlaqələndirilməsi Departamentinin avqustun 27-də verdiyi məlumata əsasən Suriya daxilində 4,25 milyon insan köç etmişdir. Ümumilikdə, 6 milyondan çox suriyalı öz evlərindən didərgin düşmüşdür ki, bu da digər ölkələrlə müqayisədə Suriyada daha çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığını göstərir.

BMT QAK Suriyada aktiv şəkildə fəaliyyət göstərir və qaçqınlarla bağlı yaranmış böhranın öhdəsindən gəlmək üçün ətraf ölkələrə humanitar yardımın göstərilməsinə rəhbərlik edir. Qaçqınların əsas ehtiyaclarının qarşılanması üçün yalnız 47% maliyyə yardımına ehtiyac olduğuna baxmayaraq humanitar təşkilatların maliyyə resursları çox azdır.
XS
SM
MD
LG