Accessibility links

Suriyada anti-hökumət nümayişlər sahil şəhəri olan Baniasa yetişib. Qoşunların mühasirəyə aldığı şəhərdə atəş səsləri eşidilib. Banias neftayrıcı zavodun yerləşdiyi şəhərdir. İnsan haqları fəalları təhlükəsizlik qüvvələrinin bir neçə adamı yaraladıqlarını xəbər verir.

Şahidlər prezident Bəşar əl-Əsədin tərəfdarlarının dünən Baniasda beş adamı yaraladıqlarını xəbər verirlər. Deyilənlərə görə loyalistlər maşınlardan Əbu Bəkr əl-Siddiq məscidində toplaşan adamlara atəş açıblar.

Banias şəhərinin sakinləri artıq iki gündür ki, hökumətə qarşı etiraz aksiyaları keçirirlər.

Şəhərlə telefon əlaqəsi çətinləşdiyinə görə baş verənləri aydınlaşdırmaq mümkün deyil. Sakinlər Fransa Xəbər Agentliyinə bütün quru və mobil telefon rabitəsinin kəsildiyini deyirlər.

Şahidlər həmçinin Latakiya və Dəra şəhərlərində təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açdıqlarını bildirirlər.

XS
SM
MD
LG