Accessibility links

Suriyanın hökumət qüvvələri Hələb Universitetinin yaşayış kompleksinə hücum edib

  • Amerikanın səsi

Suriya fəallarının bildirdiyinə görə, hökumət qüvvələrinin Hələb şəhər universitetinin yaşayış kompleksinə hücumu dörd adamın ölümü ilə nəticələnib. Qüvvələrin gözyaşardıcı qaz və həqiqi güllələrdən istifadə etdiyi bildirilir.

Fəallar 200-ə yaxın tələbənin həbs edildiyini deyir. Onlar hökumət əleyhinə nümayişdən sonra nəzarət altına alınıb. Fransanın xəbər agentliyinin məlumatında deyilir ki, qüvvələr Dəməşqdə ötən gecə iki reyd keçiriblər.

BMT isə atəşkəsə riayət edilməsi istiqamətində səyləri gücləndirib. BMT-nin müşahidəçi missiyasının üzvləri Homs və Həma vilayətlərinə səfər edərək, rəqib döyüşçülər və hökumətin atəşkəs və Kofi Annanın sülh planı ilə bağlı dəyərləndirmələrini nəzərdən keçirir.

Müşahidəçilərlə bərabər bölgələrə səfər edən Amerikanın səsinin müxbiri Elizabet Arrot dağıntıların şahidi olub. "Homs və Həma arasındakı korridor qarşıdurmalar və döyüşlərin ciddi təsirinə məruz qalıb. Ətraf bölgədə yerləşən Arasa şəhərində güllə dəyməyən ev yoxdur. Homsda evlərə ziyan dəyib, pəncərələr sındırılıb. Bir sözlə, hər yerdə dağıntı görmək olur.."

BMT-nin missiyasının rəhbəri, norveçli general-mayor Robert Mud Həmada müxbirlələ görüşü zamanı bildirib ki, müşahidəçi missiyasının sakitlik yaradacağına və siyasi müzakirələrə yol açacağına ümid bəsləyir.

Bundan əvvəl müşahidəçilər Suriya ordusunun bəzi şəhərlərə ağır silahlar yerləşdirdiyini bildirmişdi. BMT-nin komandası həm hökumətin, həm də müxalifətin atəşkəsi pozduğunu deyir.

BMT-nin təxminlərinə görə, ötən mart ayından bəri Suriyada 9 min insan həlak olub.

XS
SM
MD
LG