Accessibility links

İntensiv yağışlar nəticəsində çoxsaylı sürüşmələr qeydə alınıb


Yağıntıların normadan dəfələrlə artıq düşməsi nəticəsində ölkə ərazisində sürüşmə sahələrində aktivlik müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sürüşmə, uçqun, və subasma ilə bağlı daxil olan çoxsaylı müraciətlərlə əlaqədar Nazirliyin Geoloji Planalma Ekspedisiyası gücləndirilmiş iş rejiminə keçib. Bu barədə nazirliyin məlumatında deyilir.

Məlumatda deyilir ki, respublika ərazisindəki mövcud sürüşmə sahələrinin bəzilərində, o cümlədən Bakıda və Abşeron yarımadasında atmosfer yağıntılarının təsirindən nisbi aktivlik müşahidə edilib, bəzi yerlərdə isə yeni sürüşmə ocaqları qeydə alınıb.

Bakının Əhmədli və Masazır qəsəbələrində lokal sahədə uçqun prosesi baş verib. Əhmədli qəsəbəsində uçquna məruz qalmış sahənin uzunluğu 25 metr, hündürlüyü isə 4 metrdir. Masazır qəsəbəsində uçquna məruz qalmış sahənin uzunluğu 35 metr, hündürlüyü 3 metrdir. Zığ sürüşmə sahəsində nisbi aktivləşmə olsa da, uçqun və dağıntı qeydə alınmayıb.

Bakının Sabunçu rayonunun Savalan qəsəbəsində, Daş karxanası yaşayış massivində və Şuşa şəhərciyində qrunt sularının səviyyəsi qalxıb və subasma hadisəsi baş verib. Binəqədi rayonunun Məlikaslanov küçəsində də anoloji hal müşahidə edilib. Badamdar, Bayıl və Əhmədli qəsəbəsinin digər ərazilərində akivləşmə qeydə alınmayıb.

Respublika ərazisində aparılan monitorinqlər zamanı Qobustan rayonunun Poladlı kəndində sürüşmə prosesinin aktivləşməsi nəticəsində kəndə yeganə girişi olan avtomobil yolu bağlanıb. Yolun 20-22 metr hissəsi tamamilə sıradan çıxıb.

İsmayıllı rayonunun İstisu kəndi ərazisində yeni sürüşmə prosesi qeydə alınıb. Sürüşmə sahəsi təqribən 3 hektar ərazini əhatə edib. Sürüşmə sahəsinin eni 400-500 metr, uzunluğu 600-650 metr, sürüşmənin qırılma daşının hündürlüyü 4-6 metr arasında dəyişir.

Nazirlik bildirir ki, Respublikanın digər yerlərində də, o cümlədən cənub bölgəsində Lənkəran-Lerik avtomobil yolunun 17-19-cu kilometrliyində, həmin avtomobil yolunun 45-ci kilometrliyində, Astara Deqədi Pəlikeş avtomobil yolunun bir neçə kilometrliyində, Qobustan rayonunun Poladlı sürüşmə sahəsində, Quba rayonunun Giləzi sürüşmə sahəsində, Quba-Xınalıq yolunun 36-44 kilometrliyində, Quba-Qonaqkənd avtomobil yolunun bir neçə kilometrliyində, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci, 11-ci kilometrliyində, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, İsmayıllı rayonunun Xankəndi sürüşmə sahəsində, İsmayıllı rayonunun Basqal-Sulut avtomobil yolunun 9-cu kilometrliyində, Gədəbəy rayonunun Hacılar (Əyridərə), Tovuz rayonunun Qarağatlı, Cəlilabad rayonunun Sadatlı sürüşmə sahəsində ekzogen-geoloji proseslərin dinamikası üzərində monitorinq və müşahidələr davam etdirilir.

Sürüşmə, subasma və uçqunlar nəticəsində dəyən ziyanlarla bağlı məlumat verilmir.

XS
SM
MD
LG