Accessibility links

Şuşa şəhərinin zəbtindən 21 il ötür. Şəhər 1992-ci il mayın 9-da erməni silahlı birləşmələri tərəfindən işğal olunub

1992-ci il mayın 8-də gecə erməni silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ən böyük şəhəri olan Şuşanın ələ keçirilməsi üzrə əməliyyata başlayıblar. Səhər saatlarınadək şəhər artilleriya atəşinə tutulub və daha sonra minə yaxın əsgər şəhərə üç tərəfdən hücuma keçib. Hücumda keçmiş SSRİ Müdafiə Nazirliyinin Xankəndində yerləşən 366-cı motoatıcı alayının hələ əvvəlcədən ermənilərə verdiyi 40 zirehli texnika da iştirak edib.

Şahidlərin sözlərinə görə, şəhərə ilk hücum işğalla nəticələnməyib və küçə döyüşləri davam edib. İlk öncə yerli özünü müdafiə batalyonları erməni qüvvələrini sıxışdırıb. Ermənilər çoxsaylı itki verib və geri oturdulub. Bundan sonra erməni dəstələri yenidən hücuma başlayıb. Beləliklə özünümüdafiə qüvvələri möhkəmlənmədiyindən, müdafiə qura bilmədiyindən itkilər verərək şəhəri tərk etmək məcburiyyətində qalıb. Ermənilər mayın 9-da Şuşaya daxil olublar.

Azərbaycan özünümüdafiə qüvvələri və Bakıdan göndərilmiş qüvvələr dəfələrlə şəhərin geri qaytarılması məqsədi ilə hücuma başlayıb. Amma hər dəfə müvəffəqiyyətsizliklə nəticələnib.

Azərbaycan Müdafiə Nazirliyində də nizamsızlıq hökm sürürdü.
Şuşanın və Laçının müdafiəsinə göndərilən zirehli texnika, Azərbaycan ordusu və Daxili İşlər Nazirliyinin qüvvələri şəhərin azad edilməsini həyata keçirə bilmədi. Hərbi əməliyyatlarda koordinasiyasının olmaması, Azərbaycan Xalq Cəbhəsi və Ayaz Mütəllibov tərəfdarları arasında hakimiyyət uğrunda mübarizə Bakıda cəbhənin süqutuna və faktiki olaraq strateji baxımdan digər mühüm şəhərinin - Laçının da zəbtinə gətirib çıxardı.

Rusiya xüsusi təyinatlı bölmələrinin, Laqodexi (Gürcüstan) şəhərində yerləşmiş xüsusi təyinatlı dəstələrinin ermənilərin tərəfində döyüşdüyü də təsdiq olunub. Belə ki, döyüşlər zamanı qaçaraq Azərbaycan tərəfinə keçmiş Rusiya hərbçiləri bunu təsdiqləyib.

Qeyd etmək lazımdır ki, ermənilərin Şuşaya hücumu başlamışdan bir neçə saat öncə Tehranda Ermənistan və Azərbaycan rəhbərləri İranın vasitəçiliyi ilə Qarabağ münaqişəsinin siyasi yolla həlli barədə memorandum imzalamışdı.

Moskvadakı müəyyən dairələr Şuşanın işğalından Azərbaycanın Rusiyadan ayrılmasına yol verməmək məqsədilə istifadə edirdi. Belə ki, şəhər işğal olunduqdan sonra ilk günlər rus generalları və siyasətçiləri açıq-aşkar deyirdilər ki, Bakı öz silahlı qüvvələrinin vahid MDB komandanlığına tabe olmasına, rusiyapərəst xarici və daxili siyasət yürütməyə razılıq versə, şəhər qaytarıla bilər.

Mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Turan agentliyinə müsahibəsində demişdi ki, Şuşanın işğalı "müharibənin bir şıltaqlığıdır", şəhər azad olunacaq.

Lakin bir gündən sonra Mütəllibov hakimiyyəti devrilib. Nəhayət, 1992-ci il mayın sonlarında Xalq Cəbhəsi hökuməti 60 minlik Rusiya ordusunun Azərbaycandan çıxarılmasına başlayıb.
XS
SM
MD
LG