Accessibility links

Hüseyn Abdullayev qalmaqalı, - “Susma” klipi, cinayət və müxalif mövqe


Hüseyn Abdullayev
Hüseyn Abdullayev

Vergilər nazirliyi keçmiş deputatın 1 514 080,49 manat məbləğində vergini ödəməkdən yayındığını bildirir. Vəkil isə bunu keçmiş deputatın müxalif mövqeyi ilə izah edir

Azərbaycan Vergilər Nazirliyi keçmiş deputat Hüseyn Abdullayevlə bağlı cinayət işinə aydınlıq gətirib.

Nazirliyin analitik informasiya şöbəsindən APA agentliyinə verilən məlumata görə, hüquqi ünvanı Bakı şəhəri, Səbayel rayonu, Zərifə Əliyeva küçəsi, ev 22, mənzil 19 olan, Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış "Araz İNC" MMC-də aparılan vergi yoxlaması zamanı müəyyən edilib ki, cəmiyyət tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov, Abdulla Şaiq, Süleyman Tağızadə, Tolstoy və Bəşir Səfəroğlu küçələrinin kəsişməsindəki 268-274-cü məhəllələrdə 2,12 hektar torpaq sahəsində inşa edilən 1 bloklu 13 yaşayış, 2 qeyri-yaşayış, 1 texniki və 2 zirzəmi mərtəbəsindən ibarət olan binanın 5242,30 kvadratmetr yaşayış və 1043 kvadrat metr qeyri-yaşayış sahəsi 2009-cu il fevralın 1-i tarixdən 2013-cü ilin 1 yanvar tarixinədək olan dövr ərzində müxtəlif şəxslərə satılaraq 8 224 450,00 manat vəsait əldə olunsa da, həmin dövriyyəni əks etdirən bəyannamələr vergi orqanına təqdim edilməyib, habelə "Araz İNC" MMC tərəfindən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan tikinti-quraşdırma işləri həyata keçirilib.

İbtidai istintaq zamanı "Araz İNC" MMC-nin qeydiyyat sənədlərinə əsasən, onun təsisçilərinin Abdullayev Abbas Abdulla oğlu və Abdullayeva Zeynəb Bayraməli qızı olmasına baxmayaraq, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi Abdullayev Hüseyn Abbas oğlunun həyata keçirdiyi aşkar edilib.

2009-cu il fevralın 1-dən 2013-cü ilin yanvarın 1-dək olan dövr ərzində cəmiyyət tərəfindən 1 269 533,88 manat məbləğində əlavə dəyər vergisi və 244 546,61 manat məbləğində hüquqi şəxsin mənfəət vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 1 514 080,49 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb.

Hüseyn Abbas oğlu Abdullayev "Araz İNC" MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, 966 023,16 manat məbləğində gəlir əldə edib, Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini və küllü miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə həmin maddələrlə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, lakin istintaqın çağırışlarına gəlmədiyi, istintaqdan gizləndiyi və respublika hüdudlarından kənarda olduğu üçün beynəlxalq axtarışa verilib.

Hüseyn Abdullayevin hüquqlarını Avropa Məhkəməsində qoruyan vəkil Aslan İsmayılov Azadlıq.ınfo saytının sorğusuna cavab olaraq deyib ki, baş verənlər kobud qanun pozuntularıdır.

Onun sözlərinə görə, H.Abdullayevə görə onun yaşlı valideynləri, yaxınları təqib olunur. Bəzi iqtidara yaxınlığı ilə seçilən mətbu orqanları, guya Hüseyn Abdullayev dövlət çevrilişi hazırlayır tipli yazıları ilə onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirirlər. Heç kim sual vermək istəmir ki, əgər əməllərində qanun pozuntuları var idisə, niyə Hüseyn Abdullayev hakimiyyəti tənqid edənə qədər haqqında qanuni tədbirlər görülmürdü? Nə üçün hər hakimiyyətin əleyhinə danışan dərhal ya vergidən yayınan, ya narkoman, ya da partlayıcı maddələr üzrə mütəxəssis olur?", - deyə Aslan İsmayılov sual edib.

Vəkil siyasi baxışlarına görə insanların yaşlı valideynlərinə, azyaşlı uşaqlarına basqın etməyin həm qanunsuz, həm də əxlaqa sığmayan hərəkət olduğunu vurğulayıb. Aslan İsmayılov hüquq mühafizə orqanlarını, xüsusən, seçki ilində siyasi proseslərə qarışmamağa çağırır və bu cür halların həm cəmiyyət, həm də onların özü üçün çox pis nəticələrə gətirəcəyini bildirir.

Vəkil hesab edir ki, bu günə qədər olan siyasi təqiblər davam etsə, ölkədə fəlakət qaçılmaz olacaq.

Xatırladaq ki, Hüseyn Abdullayevə qarşı təzyiqlər onun iqtidarın tənqidi yer almış “Susma” klipi populyarlaşması ilə eyni vaxta təsadüf edir. Klip müxalifətin və etirazçı insanların aksiyalar zamanı fiziki təzyiqlərə məruz qalması əks olunan video kadrlarla müşayiət olunur.

Hüseyn Abdullayev vaxtı ilə hazırki iqtidarın qatı tərəfdarlarından olub. O 2005-ci ildə Milli Məclisin deputatı seçilib. 2007-ci il martın 16-da Abdullayevlə deputat Fəzail Ağamalı parlamentdə yumruq davası edib. Bundan sonra Hüseyn Abdullayev 2 il müddətinə həbs edilib və sonradan azadlığa buraxılıb.
XS
SM
MD
LG