Accessibility links

Bəşar Əl-Əsəd güclənir? [Video]


Təhlilçilərin dediyinə görə, Livanla sərhəddəki Qüseyr şəhərinin geri alınması Suriya hökumətinin gücünü nümayiş etdirdi və üsyançılarla gələcək danışıqlarda Bəşar Əsədin mövqeyini gücləndirdi.

Vaşinqtonun Yaxın Şərq Məsələləri İnstitutundan Devid Şenker Rusiyanın dəstəklədiyi prezident Bəşar Əl-Əsəd rejiminin təslim olmaq fikrində olmadığını deyir. “Fikrimcə Moskvanın bütün səyləri Əsədin hakimiyyətdə qalmasına doğru yönəlibsə, orada İran da olmalıdır. İran Hizbulla ilə birlikdə bu məsələdə əsas rol oynayır.”

Şenker deyir ki, Qüseyrin nəzarətinin hökumətin əlinə keçməsi prezident Bəşar Əl-Əsədin bu müharibədə qalib gəldiyi demək olmasa da, onun mövqeyinin möhkəm olduğunu sübut edir.

Demokratiyanı Müdafiə Fondundan təhlilçi Toni Badran İranın Suriyanın strateji nöqtəsi olan Dəməşqdəki hərbi qüvvələrə yardım etdiyini deyir. “İran açıq şəkildə xəbərdarlıq edir ki, Əsəd rejiminin devrilməsi təhlükəlidir və bunun baş verməməsi üçün əlindən gələni əsirgəməyəcək. İran Aralıq dənizinədək uzanan ərazidə özünə dost qüvvələrin hökmranlıq etməsinə can atır.”

Badran Birləşmiş Ştatlar Konqresinin Xarici Əlaqələr Komitəsinə müraciət edərək deyib ki, ABŞ Suriya aeroportlarını vurmaqla, İranın hava yardımının qarşısını almalıdır. O, Türkiyə və İordaniyanın Suriyanın cənub və şimal bölgələrində rejimi zəiflətmək yolunda işlər görməli olduğunu deyib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Yaxın Şərq Proqramnın direktoru Con Alterman isə deyir ki, Əsəd rejiminin devrilməsi hələ Suriyadakı problemlərin həlli demək deyil. “Əsəd rejimi iyrəncdir, lakin Suriyada ondan da iyrənc rejimin yaranmayacağı sual doğurur. Hakimiyyətin danışıqlar yolu ilə dəyişməsi, təriqətlərarası və etnik qırğınlardan sonra dağıdıb külə dönən Suriyanı yenidən qurmaqdan daha asandır."

Alterman deyir ki, müharibənin balansını dəyişmək əvəzinə, mülki vətəndaşları ölkə daxilində sığınacaqla təmin etmək əsas vəzifə olmalıdır. Onun sözlərinə görə, ortadakı bir-birindən pis seçimləri nəzərə alaraq ABŞ münaqişənin danışıqlar yolu ilə başa çatmasına can atmalıdır.
XS
SM
MD
LG