Accessibility links

Federika Moqerini: Suriyaya görə Rusiyaya sanksiyalar tətbiq edilməyəcək


Avropa İttifaqının Xarici Siyasət İdarəsinin rəhbəri Federika Moqerini deyib ki, Aİ Suriyadakı fəaliyyətinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirmir.

Moqerini Lüksenburqda Avropa İttifaqının xarici işlər nazirləri ilə görüşündən əvvəl müxbirlərə açıqlama verib.

O, Əsəd rejiminə qarşı əlavə sanksiyaların tətbiqini istisna etməyib.

“Bu, heç bir üzv ölkə tərəfindən təklif edilməyib. Mən bu söhbətlərin mətbuatda yayıldığını görmüşəm, lakin görüşlərdə yox. Görüşlərdə heç bir üzv ölkə bu məsələni qaldırmayıb. Amma bildiyiniz kimi bizim Suriya rejiminə qarşı sanksiyalarımız mövcuddur və bu barədə müzakirələr olur” - deyə Federika Moqerini bildirib.

Moqerini sanksiyaların vəziyyətə təsir etmək üçün yeganə üsul olmadığını bildirib. O, əlavə edib ki, blok problemin həlli istiqamətində bütün variantları nəzərdən keçirəcək.

Bazar günü ABŞ dövlət katibi Con Kerri Suriyada vəziyyətlə bağlı mümkün sanksiyaları nəzərdən keçirəcəyini bildirib və Rusiya ordusunun fəaliyyətini kəskin tənqid edib.

Dünən Kerrinin Britaniyanın xarici işlər naziri Boris Conson və şənbə günü Rusiya xarici işlər naziri Lavrov və digər diplomatlarla danışıqlarında Suriya əsas müzakirə mövzusu olub.

Kerri deyib ki, rəsmilər Hələb şəhərinin üzləşdiyi böhrandan çox narahatdır və bildirib ki, Rusiya və rəsmi Suriya doğru seçim edərsə, Hələbdə böhran sabah dayandırıla bilər.

XS
SM
MD
LG