Accessibility links

Bəyanatda Rusiyanın türkmən bölgələrinə hava hücumları ittiham edilib

“Biz Güney Azərbaycan və İranda yaşayan türklər, istər insani, istərsə etnik və dini əlaqə baxımından Suriya türkmənlərinə qarşı vəhşicəsinə tətbiq edilən insan qırğınını qınayırıq,” deyə aralarında tanınmış din xadimi, sənətçi və sabiq siyasi məhbusların da olduğu 1046 türk fəal bəyanat imzalayıblar.

Türk, fars, ingilis və alman dillərində yazılmış bəyanatın mətnini imzalayanların siyahısı ilə bərabər sosial media və Güney Azərbaycan Televiziyası (Günaz TV) tərəfindən nəşr edilib.

Bəyanatda yazılanlara görə, “Osmanlı İmperiyasının çökdüyü və Suriya dövlətinin qurulduğu zamandan milli zülmə məruz qalan Suriya türkmənləri son vaxtlarda Əsəd, İŞİD və PYD qüvvələri tərəfindən təhdid edilərək torpaq işğalı və etnik təmizləməyə məruz qalıblar. Rusiyanın bu qüvvələrə qoşulmasından sonra daha qorxunc bir faciə açıq-aydın gözlər önündədir.”

Mətndə həmçinin Rusiya hərbi təyyarələrinin İŞİD bölgələrini bombalamaq bəhanəsi ilə Bayır-bucaq bölgəsində yaşayan mülki türkmən kəndlilərini qətlə yetirdiyi qeyd edilib.

İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan türk fəallar, o cümlədən, Həsən Dəmirçi, Həsən Raşidi, Abbas Lisani, Ruqəyyə Əlizadə, Sara Mirzayi, Behbud Quluzadə və Höccətül-İslam Əbdüləziz Əzimi Qədiminin də imzaladığı bəyanatda “Qarabağ, Krım, Kərkük (Türkməneli) və Doğu Türküstanda olduğu kimi Suriyada da türk qırğınının” yaşanmaqda olduğu ifadə edilib.

Ötən iyun ayında İran Azərbaycanında təqribən 300 fəalın Uyğurlara dəstək bəyanatı imzalamasının ardınca Təbriz və Əhər şəhərlərində Uyğurlara dəstək aksiyaları təşkil edilmişdi. Təbriz İnqilab Məhkəməsi həmin aksiyalarda tutulan bir neçə fəala həbs cəzası verib.

Siyasi şərhçilər İran İslam Respublikasının Rusiya, Çin və Suriya hakimiyyətləri ilə yaxın əlaqələrini nəzərdə tutaraq İranda Suriya türkmənləri və Uyğurlara dəstək bəyanatları yayılmasının xüsusi önəm daşıdığını vurğulayırlar.

Suriye Türkmən Məclisi Başqanı Əbdürrəhman Mustafa keçən günlərdə Amerikanın Səsinə verdiyi müsahibədə Suriyada türkmən kəndlərinə hücum edən qüvvələr arasında İran dəstələrinin də mövcud olduğunu bildirib.

XS
SM
MD
LG