Accessibility links

Türkiyə baş naziri Rəcəp Tayyip Ərdoğan onu və onun partiyasını korrupsiyada ittiham edən siyasi rəqiblərinin "bunun hesabını verəcəklər"inə dair xəbərdarlıq edib.

Cənab Ərdoğan bazar günü axşam Ankarada minlərlə tərəfdarları qarşısında çıxış edərək, bələdiyyə seçkilərində partiyasının qələbə çaldığını elan edib. Seçkilər onun hökuməti üçün test kimi qiymətləndirilirdi.

Qeyri-rəsmi nəticələrə əsasən, Ədalət və İnkişaf partiyası səslərin 45, Cumhuriyyət Xalq partiyası isə təxminən 25 faizini toplayıb.

Seçkilərin keçirildiyi bir vaxt Suriya sərhədinə yaxın iki kənddə qarşıdurma zamanı səkkiz nəfər ölüb, 13 insan yaralanıb.

Keçən il ölkə boyu baş verən hökumət əleyhinə nümayişlərdə səkkiz nəfər həlak olub, minlərlə insan yaralanıb. Bələdiyyə seçkilərində səsvermə bu nümayişlərdən sonra keçirilən ilk seçkidir.

Baş nazir Ərdoğanın xəbərdarlığı onun hökumətinin ölkədə YouTube video səhifəsinə girişə məhdudiyyət qoyulmasından bir neçə gün sonraya təsadüf edir. Onun partiyasının yüksək səviyyəli rəsmilərinin səsi olduğu iddia edilən korrupsiyaya dair audio fayllar YouTube kanalında yayılmışdı.

Bu ayın əvvəli Ankara hökuməti baş nazir və onun oğlunun korrupsiyada əli olduğu iddia edilən audio fayl tvitter sosial şəbəkəsində yayıldıqdan sonra bu sosial media səhifəsinə girişə məhdudiyyət goymuşdu.

İnsan hüquqlarını müdafiə edən qruplar və Türkiyənin NATO müttəfiqləri cənab Ərdoğanın internetə məhdudiyyət goymasını pisləyiblər.
XS
SM
MD
LG