Accessibility links

Tacikistanda iki gün davam edən toqquşmalar nəticəsində 35 adam ölüb


Tacikistanın təhlükəsizlik qüvvələrinin şənbə günü 13 yaraqlını qətlə yetirdiyi bildirilir. Bu, doqquz polis işçisi və 13 yaraqlının ölümülə nəticələnmiş toqquşmadan bir gün sonra baş verib. Tacikistan rəsmiləri toqquşmaya görə məsuliyyəti müdafiə nazirinin keçmiş müavininin üzərinə atıb.

Cümə günü vəzifəsindən azad edilən Abduxalim Nazarzoda İŞİD terrorçuları ilə əlaqəsinə görə keçən həftə fəaliyyəti qadağan edilmiş müxalif İslam İntibah Partiyasının üzvü olmaqda ittiham edilib.

Hökumət Nazarzodanın Düşənbə yaxınlığında iki polis postuna hücum da daxil olmaqla cümə günü silahlı hücumları təşkil etdiyini bildirib. Rəsmilərin bildirdiyinə görə, militantlar Müdafiə nazirliyinin Düşənbə yaxınlığındakı anbarından böykü miqdarda silah və hərbi sursat oğurlayıb.

Polis və təhlükəsizlik qüvvələri hücumçuları təqib edərək, şənbə günü paytaxtın 50 kilometrliyindəki ərazidə onları mühasirəyə alıb. Müdafiə nazirliyi bildirib ki, 13 yaraqlının qətlə yetirilməsi ilə yanaşı, 32 nəfər həbs edilib və 500-dən çox silah müsadirə edilib.

Rusiya mətbuatının verdiyi məlumata görə, Nazarzoda hücumçularla birlikdə Romit vadisində gizlənir.

Kreml Rusiya prezidenti Vladimir Putinin şənbə günü Tacikistan prezidenti İmomali Raxmonovla telefon söhbəti etdiyini bildirib. Kremlin sözçüsünün bildirdiyinə görə, prezident Putin hücumu "ölkədə qeyri-sabitlik yaradılması cəhdi" kimi təsvir edib.

51 yaşlı Nazarzoda Müdafiə nazirliyində beş il sürən vətəndaş müharibəsinin 1997-ci ildə başa çatmasından sonra hökumət əleyhdarı döyüşçülərin özlərini dövlət qurumlarına təslim etdiyi 1999-cu ildən çalışır.

Münaqişə nəticəsində Tacikistanda təxminən 150 min insan həyatını itirmişdir.

XS
SM
MD
LG