Accessibility links

Tailand əhalisi qaralara bürünüb. Bu gün ölkə kralının cənazəsi xəstəxanadan saraya aparılarkən minlərlə insan küçələrə çıxaraq, ona son ehtiramlarını nümayiş etdirib.

Tailand kralı Bhumibol Adulyadey 88 yaşında oktyabrın 13-də vəfat edib. O, uzun müddət idi ki, sağlamlıq problemləri yaşayırdı. Karl həyatının son ilini Banqkok xəstəxanasında keçirib.

Monarxiyanın bəyanatında onun səhhətinin bazar günü ağırlaşdığı bildirilib. Kral böyrəkləri və ağ ciyərlərindən əzyyət çəkir, dializ və ciyərlərində borularla yaşayırdı.

Rama IX adı ilə tanınan kral 1946-ci ildə 18 yaşında ikən 20 yaşlı qardaşının müəmmalı vəfatından sonra taxta çıxıb.

Kral istedadlı rəssam, yelkənçi, bəstəkar və əsasən caz janrında ifa edən musiqiçi kimi də tanınırdı.

Tailandın baş naziri Prayut Chan-ocha kralın varisinin onun oğlu olacağını bəyan edib. 63 yaşlı şahzadə Vajiralongkorn taxta sahib olmazdan əvvəl atasının yasını saxlayacağını bildirib.

Hökumət rəsmiləri cümə günündən etibarən bir il müddətində matəm saxlayacaq.

1927-ci ildə ABŞ-ın Massaçussets ştatının Kembridc şəhərində dünyaya gələn Bumibol Adulyadej adı bir vaxtlar Siyam Krallığı olan ölkənin monarxı Çulalongkorn və ya Rama V-nin nəvəsi idi.

2014-cü ildə ölkədəki dövlət çevrilişindən bəri Tailanda hərbi rejim rəhbərlik edir.

Dünya liderləri kral Bumibolun vəfatı ilə bağlı Tailand xalqına başsağlığı verib.

BMT-nin baş katibi Ban Gi Mun kral ailəsi, hökumət və xalqa dərin hüznlə başsağlığı ifadə edib. O, Tailandın insan haqlarına hörmət və universal dəyərlərə ehtiram göstərən kralın irsini yaşadacağına inandığını deyib.

ABŞ prezidenti Barak Obama kralın Amerikanın ən yaxın dostu və ABŞ prezidentlərinin dəyərli tərəfdaşı olduğunu vurğulayıb. Prezident 2012-ci ildə Bankonqda kralla görüşünü yada salıb.

Barak Obama deyib ki, kraldan Tailand xalqına qayğı miras qalıb. ABŞ dövlət başçısı amerikalıların Tailand xalqının kədərini bölüşdüyünü ifadə edib.

ABŞ dövlət katibi Con Kerri də başsağlıqlarına qoşularaq, kralın daim xatirələrdə yaşayacağını bildirib.

Yaponiyanın baş naziri Şinzo kral Bumibolun istedadlı və nəvazişkar bir şəxsiyyət kimi yadda qalacağını deyib.

XS
SM
MD
LG