Accessibility links

İlahiyyatçıların həbsdən azad edilməsi tələb edilir [Video]


İslamçıların Hüquqlarını İctimai Müdafiə Komitəsinin toplantısı
İslamçıların Hüquqlarını İctimai Müdafiə Komitəsinin toplantısı

Dünən 36 inanclı insan saxlanıb. Onlardan 4-ü barədə həbs seçilib

İlahiyyatçıların həbsdən azad edilməsi tələb edilir
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Hacı Tale Bağırovun məhkəməsi zamanı baş verənlər ictimai və beynəlxalq diqqəti prezident seçkilərinin saxtalaşdırılmış nəticələrindən yayındırmağa xidmət edir. Bu səbəbdən də Bağırovun məhkəməsi zamanı insanların həbsi və saxlanması qabaqcadan hazırlanıb. Saxlanma zamanı inanclı insanlara işgəncə verilib, onlara qarşı qurama ittihamlar irəli sürülüb. Bu gün ilahiyyatçı Tale Bağırovun və həbsdə olan inanclı insanların hüquqlarını müdafiə komitələrinin RATİ-nin media mərkəzində keçirdiyi toplantının əsas motivləri belə olub.

Toplantıda siyasi partiyaların təmsilçiləri, hüquq müdafiə təşkilatlarının nümayəndələri, ictimai xadimlər iştirak edib.

Oktyabrın 28-də Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Tale Bağırovun məhkəməsi zamanı məhkəməyə gəlmiş insanlarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında insident baş verib. İnsident zamanı 36 nəfər saxlanıb. Onlardan 4 nəfər barəsində cinayət işi başlanıb.

İlahiyyatçı Taleh Bağırov martın 31-də saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 234.1-ci (narkotik əldə etmə və saxlama) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

Bağırov ittihamı qəbul etmir və həbsinin əsl səbəbinin martın 24-də xütbəsində hakimiyyətin ünvanına səsləndirdiyi kəskin tənqid olduğunu bildirib. O vicdan məhbusu kimi tanınıb.

İslamçıların Hüquqlarını İctimai Müdafiə Komitəsinin toplantısı
İslamçıların Hüquqlarını İctimai Müdafiə Komitəsinin toplantısı
Mətbuat konfransında qeyd olunub ki, hökumət seçkilərdən ictimai diqqəti yayındırmaq üçün ölkədə lokal səviyyədə qarşıdurmanı gücləndirməkdə maraqlıdır. Bunun üçün seçkilərdən dərhal sonra səsli-küylü çoxsaylı məhkəmə prosesləri başlayıb.

“Hakimiyyət diqqəti hədəfdən yayındırmaq üçün lokal konfliktlər, təxribatlar törətməkdə maraqlıdır. Bu səbəbdən də Azərbaycanda insanların fundamental hüquq və azadlıqlarının qorunması uğrunda bütövlükdə cəmiyyət mübarizə aparmalıdır. Nə qədər ki, cəmiyyət hakimiyyətin qəddarlıqlarına qarşı birləşib mübarizə aparmır, müdafiə komitələrinin sayı çoxalmaqda davam edəcək”, AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib.

Hadisənin şahidlərinin fikrincə, həbs edilənlərdən birini məhkəmə zalından aparıblar, digəri isə ümumiyyətlə məhkəmədə olmayıb, o qardaşını axtarırmış.

“Öncə açıq məhkəmə iclasında insanların iştirakını təmin etmədilər. Sonra onları məhkəmə binasından küçəyə çıxmağa məcbur etdilər. Məhkəmənin qapısından çıxanda insanları itələdilər, kobud davrandılar, qeyri-etik ifadələrlə təhqir etdilər. Bundan sonra insanlara hücum oldu, onları avtomobillərə dolduraraq polisə apardılar”, müdafiə komitəsinin üzvü Emil Rahiboğlu bildirib.

İctimai müdafiə komitəsi hüquq mühafizə orqanlarını insanlarla qanunun tələblərinə uyğun davranmağa çağırıb.

“Bizdən xoxanlar düzəldib Avropaya göstərmək istəyirlər. Amma, bu baş tutmayacaq. Əgər, Avropaya xoxan göstərmək istəyirlərsə Suriyada döyüşən azərbaycanlıları göstərsinlər”, Rahiboğlu qeyd edib.

Saxlananlardan biri Nicat İmranlı deyib ki, insanlara qəddarlıqla işgəncə verilirdi.

“Qarşı otaqda saxlanan insanları döyürdülər. Onların iniltili səsləri yayılmışdı. Abbası o qədər döymüşdülər ki, nəfəs ala bilmirdi. Ona bundan sonra dərman və su verdilər. Abbas siqaret belə çəkmir, çox yəqin ki, su vasitəsi ilə ona narkotik içiriblər. Sonradan qanından narkotik çıxdığını dedilər”, o vurğulayıb.

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu hesab edir ki, baş verənlər təəccüblü deyil.

“Təəccüblü cəmiyyətin reaksiyasıdır. İndi ölkədə yalnız ləyaqət və demokratiya adacıqları qalıb. Biz çətin dönəmdə yaşayırıq. Baş verənlərə cəmiyyət, siyasi partiya liderləri, QHT rəhbərləri cavab verməlidir. Onlar müdafiə tədbirlərində şəxsən iştirak etməlidir”. İbrahimoğlu qeyd edib.

Onun fikrincə, bu hakimiyyətin seçkilərdən sonra sərt siyasət aparacağı ilə bağlı cəmiyyətə mesajıdır. Cəmiyyət də hakimiyyətə qanuni yollarla sərt mesajlar verməlidir.

“Bütün hicab məhbusları azad edilməlidir, ölkədə hicaba qadağa şərtsiz aradan qaldırılmalıdır”, o vurğulayıb.

İctimai Müdafiə Komitəsi, AXCP, KXCP inanclı insanların, o cümlədən insan hüquqlarının pozulmasını pisləyən kəskin bəyanatla çıxış edəcək.

“Biz insanların kütləvi şəkildə hüquqlarının pozulmasını kəskin pisləyirik. Belə allahsız, dinsiz, qanunsuz, əxlaqsız bir rejimdə yaşayırıq”, keçmiş baş nazir Pənah Hüseyn bildirib.

İctimai Müdafiə Komitəsi növbəti toplantısını daha geniş formatda keçirəcək.
XS
SM
MD
LG