Accessibility links

İlahiyyatçının həbs müddəti daha bir ay uzadılıb


Taleh Bağırzadə
Taleh Bağırzadə

Taleh Bağırzadə narkotik ittihamı ilə həbs edilib. O həbsini hakimiyyəti tənqidi ilə əlaqələndirir

İyunun 27-də Bakının Nərimanov rayon məhkəməsi ilahiyyatçı Taleh Bağırzadənin həbs müddətini daha bir ay uzadıb.
Vəkil Cavad Cavadlı bildirib ki, martın 31-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilmiş Bağırzadənin həbs müddəti üçüncü dəfə uzadılır.

İstintaq həbs müddətinin uzadılmasını Bağırzadənin çıxışlarının dini-linqvistik ekspertizasının cavabının gəlməsi zərurəti ilə əsaslandırıb.

Bağırzadənin xütbələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilib. Eyni zamanda, narkoloji ekspertiza təsdiq edib ki, o, narkoman deyil.

Vəkil Bağırzadəyə qarşı yeni ittihamlar irəli sürülməsi ehtimalını istisna etmir. Onun sözlərinə görə, Bağırzadə heç vaxt dövlət əleyhinə bəyanatlar verməyib, yalnız hakimiyyəti tənqid edib ki, bu da vətəndaşın konstitusiya hüququdur.

Nərimanov rayon məhkəməsinin binası qarşısında Bağırzadənin Hüquqlarını Müdafiə Komitəsi flaş-mob şəklində etiraz aksiyası təşkil edib.

Komitə sədri Mirqasım Əliyev deyib ki, aksiya iştirakçıları üzərində “Mən də Talehəm, məni də tut!”, “Siyasi məhbus Taleh Bağırzadəyə azadlıq” yazılan plakatlar qaldırıblar.

Polis bir neçə aksiya iştirakçısının əlindən plakatları alıb, saxlanılan olmayıb.

Taleh Bağırzadə martın 31-də saxlanılıb, iki gün sonra Sabunçu məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (narkotik əldə etmə və saxlama) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

İstintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır.

Bağırazadə həbsinin əsl səbəbinin martın 24-də xütbəsində hakimiyyətin ünvanına səsləndirdiyi kəskin tənqid olduğunu bildirib.
XS
SM
MD
LG