Accessibility links

Hüquq müdafiəçisi Oqtay Gülaliyev Taleh Xasməmmədovun məhkəməsində baş verənlərdən danışır

Göyçay Rayon Məhkəməsi hüquq müdafiəçisi Taleh Xasməmmədov barəsində üç ay həbs qətimkan təbiri seçib. Saat 17:30-da başlayan məhkəmə iclası saat 20-də yekunlaşıb. Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib.

Onun sözlərinə görə, bu gün məhkəmənin qarşısında gərginlik yaşanıb.

“İnsanlar məhkəmə zalına daxil olmaq istəyirdi. Bu zaman polislə insident yaşandı. Taleh Xasməmmədovun anası itələnərək yerə yıxıldı. Buna dözməyən insanlarla polis arasında qarşıdurma oldu. 8-10 nəfər saxlanıb. Bu zaman Taleh Xasməmmədovun qardaşı Valeh Xasməmmədov damarlarını doğradı. O, xəstəxanaya aparılıb. Beləliklə, məhkəmə iclasında fasilə yaranıb. Hazırda məhkəmə çoxsaylı polis tərəfindən mühafizə olunur. İçəridə baş verənlərlə bağlı heç kimə məlumat verilmir,” o, bildrib.

Taleh Xasməmmədova qarşı Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə (xuliqanlıq, təkrarən törədildikdə) ittiham irəli sürülüb.

Taleh Xasməmmədov fevralın 25-da Göyçayda mebel mağazasının qarşısında saxlanılıb. O, mağazadan çıxdıqda naməlum şəxs ona yaxınlaşıb və üzünə tüpürüb. Daha sonra bu şəxs yerə yıxılaraq, özünü elə göstərib ki, guya Xasməmmədov onu döyür. Polis hər ikisini saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Xasməmmədov adam döyməklə hüquqa-zidd hərəkət edib.

Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Xasməmmədov Göyçay-Ucar regionunda hüquq müdafiə fəaliyyəti və facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. O, bundan əvvəl hüquq müdafiə fəaliyyətinə görə mühakimə edilib, amma iki il əvvəl əfv olunub.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG