Accessibility links

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycan qazının Türkiyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin icrasına 1 mlrd. avro həcmində vəsait ayırmağı planlaşdırır.

Report agentliyinin məlumatına görə, bu barədə Bankın direktor müavini Pim van Ballekom bildirib.

O qeyd edib ki, bu vəsait "BOTAŞ" şirkətinin TANAP-dakı payının maliyyələşdirilməsi üçün ayrılacaq. Bankın rəsmisi Dünya Bankının da TANAP-a maliyyə vəsaiti ayıra biləcəyini əlavə edib.

Onun sözlərinə görə, Bankın İdarə Heyəti krediti aprel ayının sonuna qədər təsdiq edəcək: "İlk tranşın isə bu il avqustun sonuna qədər ayrılacağı planlaşdırılır".

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunan qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Boru kəməri Türkiyənin Ardahan şəhərinin Türkgözü kəndindən başlayır, 20 şəhərdən, 67 qəsəbədən keçir.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km hissəsi Mərmərə dənizindən keçəcək.

Xatırladaq ki, TANAP layihəsində SOCAR-ın 58%, "BOTAŞ"-ın 30%, BP-nin 12% payı var.

XS
SM
MD
LG