Accessibility links

Tarif Şurası 801 dərman vasitəsinin qiymətini endirib


Dərman qiymətləri

Dərman qiymətləri

Tarif (qiymət) Şurası avqustun 25-də daha 801 dərman vasitəsinin qiymətini müəyyənləşdirib.

Tarif Şurasının məlumatına görə, ümumilikdə indiyədək elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.

Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənib.

“Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaqdır”, məlumatda qeyd edilir.

25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il 15 sentyabrdan qüvvəyə minəcəkdir.

Şuranın qərarına əsasən, həmin tarixdən etibarən qiymətləri təsdiq edilməyən qeyd olunan tərkibli dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Tarif Şurası daha 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin qəbulunu elan edib və bunun üçün son müddət 2015-ci il sentyabrın 10-dək müəyyən edilib.

Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli məlumata əlavə olunur.

XS
SM
MD
LG