Accessibility links

Gürcüstandan verilən məlumatlara görə paytaxt Tbilisidə iyunun 13-dən 14-ə keçən gecə güclü daşqın nəticəsində 11 nəfər ölən var. Daşqın nəticəsində Tbilisinin mərkəzində evlərin zirzəmisini və bir sıra vəhşi heyvanların qaçdığı zooparkı su basıb. Heyvanxanadan 6 şir, 6 pələng, 13 canavar, bir timsah, bir neçə ayı və giyena qaçıb.

Təbii fəlakət yollar və şəhərin infrastrukturuna böyük zərər vurub. Tbilisidə 40-dan çox ailə evsiz qalıb, 20 nəfər aldığı müxtəlif xəsarətlərlə əlaqədar xəstəxanaya aparılıb, bir neçə adam itkin düşüb. İlkin hesablamalara görə, daşqın nəticəsində dəyən zərərin miqdarı təxminən 10 milyon dollar təşkil edir.

Səhər saatlarında Tbilisi sakinlərinə qəfəslərini su basmış bəzi vəhşi heyvanların zooparkdan qaçması ilə əlaqədar küçəyə çıxmaması ilə bağlı xəbərdarlıq edilib. Heyvanxanadan qaçan demək olar bütün heyvanların öldürüldüyü bildirilir. Heyvanları müdafiə fəalları vəhşi heyvanların neytrallaşdırılması zamanı müxtəlif üsullara əl atılmadığını bildirib. Eyni zamanda hevanxanadan qaçmış kərgədanın trankvilizator vasitəsilə yuxuya verilib heyvanxanaya qaytarılması mümkün olub. İyunun 14-də heyvanları xilas etməyə çalışan zoopark işçilərindən üç nəfərin həyatını itirdiyi bildirilir.

Daşqın zamanı Tbilisi ətrafında ərazilərə zərər dəyib. Könüllülər daşqının nəticələrinin aradan qaldırılması işində yardım göstərir. Şəhər rəsmiləri daşqın nəticəsində zərər çəkmiş hər bir kəsə yardım göstəriləcəyini bildiriblər.

XS
SM
MD
LG