Accessibility links

Təbii fəlakət bölgəsində infrastruktur, elektrik enerjisi və təbii qaz verilişi bərpa olunub

Dünən axşam saatlarında ölkənin qərb və şimal qərb rayonlarında güclü küləklə müşayiət edilən dolu yağması nəticəsində vətəndaşlara və ictimai mülkiyyətə xeyli ziyan dəyib. Yüzlərlə tikili, avtomobillər, yollar, kənd təsərrüfatı fəlakətin təsirinə məruz qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumatına görə Gəncə şəhəri və Daşkəsən rayonunda 2014-cü il iyunun 10-da gecə saatlarında başlamış güclü yağış və dolu düşməsinin yaratdığı fəsadların nəticələri aradan qaldırılır.

FHN-nin canlı qüvvə və texnikalarının intensiv şəkildə həyata keçirdikləri tədbirlər nəticəsində təbii fəlakət bölgəsində infrastruktur, habelə elektrik enerjisi və təbii qaz verilişi tam bərpa olunmuş, Gəncə şəhəri və Daşkəsən rayonu Fövqəladə Hallar komissiyaları müvafiq strukturlarla birgə dəymiş ziyanı müəyyənləşdirir.

Öz növbəsində Milli Məclisin deputatı Mübariz Qurbanlı Amerikanın Səsinə bildirib ki, hazırda təbii fəlakət zonasına komissiyalar, sığorta şirkətləri işləyir. Ziyanın əhatəsi və məbləği müəyyənləşdirilir. “Təbii fəlakət Goranboy, Göygöl, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarını və Gəncə şəhərini əhatə edir. Ancaq, ən çox ziyan Daşkəsən rayonuna dəyib”.

Deputatın sözlərinə görə, regionda vəziyyət hökumətin nəzarəti altındadır. “Təbii fəlakət zonasına çoxsaylı texnika və işçi qüvvəsi cəlb edilib. İlkin olaraq zəruri kommunikasiya qurğuları bərpa edilir. Mərkəzi icra hakimiyyəti qurumları yerlərə kömək edir. Ümid edirəm ki, dövlət büdcəsindən də regionda bərpa işlərinə vəsait ayrılacaq”, deyə o qeyd edib.

İlkin məlumata görə Gəncə şəhərində 1000-dən artıq fərdi yaşayış evini su basıb, 100-ə yaxın yaşayış evinin dam örtükləri dağılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərə bildirib ki, Gəncənin elektrik, qaz, su, kanalizasiya və rabitə təsərrüfatının böyük hissəsinə ciddi ziyan dəyib. Külək nəticəsində 200-dən artıq iri gövdəli ağac aşaraq küçə və prospektlərdə avtomobillərin hərəkətini məhdudlaşdırıb, 50-yə qədər avtomobilə zərər dəyib.

Baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Gəncə şəhər İcra Hakimiyyətində fövqəladə komissiya yaradılıb. İlkin araşdırma zamanı şəhərin 27 qaz təsərrüfatının, 30-dan artıq yarımstansiyanın sıradan çıxdığı məlum olub.

Elmar Vəliyevin bildirdiyinə görə, qaz təsərrüfatında 27 yerdə böyük dağıntılar var. Şəhər ərazisinin təxminən 80%-də işıq yoxdur. Su-kanalizasiya sistemində problemlər aradan qaldırılır.

Eyni zamanda, FHN-in aidiyyəti qurumları ərazilərdə xidmət aparır. Su basmış evlərin, dam örtükləri dağılmış binaların siyahısı tərtib olunur. Güclü külək nəticəsində 100 illik çinar ağacları aşıb.
XS
SM
MD
LG