Accessibility links

Azərbaycan prezidenti Ilham Əliyev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.

Əliyev bildirir ki, seçkilərdə qazandığı qələbə dost Amerika xalqının Donald Trampa olan etimadının və dəstəyinin göstəricisidir.

“Ümid edirəm ki, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir. Ölkələrimiz arasında əlaqələrin 25 illik tarixi var. Bu müddət ərzində dostluq və əməkdaşlıq münasibətlərimiz yüksək səviyyəyə qalxmışdır. Siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal əməkdaşlıq edirik”.

Prezident Əliyevin məktubunda deyilir ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən uzun illərdir əziyyət çəkir.

“Ərazilərimizin 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan buna məhəl qoymur. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməlidir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Əliyev ümidvardır ki, ABŞ Minsk qrupunun həmsədri kimi cənab Trampın rəhbərliyi altında münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcək.

Show comments

XS
SM
MD
LG