Accessibility links

Bu günlərdə Təbrizdə tanınmış fransız dramaturq Jan Anuyun Antiqona əsəri və “Vızvızı və Qırmızı” adlı uşaqlar üçün kukla tamaşası, Tehranda isə “Leyli və Məcnun” kukla operası türk dilində səhnəyə qoyulub.

Təbrizli yazar və tərcüməçi Ülkər Ucqar (Münirə Əkbərpuran) tərəfindən fransızcadan türkcəyə çevrilən Antiqona pyesi rejissor Əli Puriyanın quruluşunda səhnə üçün hazırlanıb.

Antiqona tamaşası - Təbriz, dekabr 2015

Antiqona tamaşası - Təbriz, dekabr 2015

Mehr xəbər agentliyinin məlumatına görə, Antiqona yanvarın 3-ə qədər Təbriz Teatrının səhnəsində nümayiş etdiriləcək.

Rejissor və musiqiçi Əli Bernunun rəhbərliyi ilə səhnəyə qoyulan və uşaqlar üçün nəzərdə tutulan “Vızvızı və Qırmızı” tamaşası isə kukla teatrında nümayiş etdirilir.

Kukla tamaşası hazırda uşaq bağçaları və məktəb şagirdləri üçün göstərilir. Dekabrın 24-dən yanvarın 20-ə qədər isə tamaşa ictimaiyyət üçün səhnəyə qoyulacaq.

Leyli və Məcnun kukla operası -Tehran

Leyli və Məcnun kukla operası -Tehran

İlk dəfə 2014 ilinin may ayında Tehranda türk dilində səhnəyə qoyulan “Leyli və Məcnun” kukla operası da hazırda Tehranın Firdovsi zalında təkrar nümayiş etdirilir. Bu tamaşa tanınmış kukla teatrı ustadı Behruz Qəribpurun rəhbərliyi ilə səhnə üçün hazırlanıb.

İnternet qəzetləri habelə rejissor Əmir Hicazinin “Qaçaq Nəbi” tamaşasının da bu yaxınlarda Təbrizdə səhnəyə qoyulacağı haqda məlumat verib.

XS
SM
MD
LG