Accessibility links

Qərbi Azərbaycan vilayətinin ətraf mühit idarəsinin müavini Səid Musəvi bildirir ki, Urmiyə şəhəri üzərində havada toz hissəciklərinin səviyyəsi standart səviyyədən 26.7 qat artıqdır.

İRNA xəbər agentinə danışan Musəvi bəyan edib ki, şənbə günü Urmiyədə hava hissəciklərinin miqdarı hər kub metrdə 4150 grama çatıb. Havanın bu dərəcədə çirklənməsi insanların sağlıq durumu üçün təhlükəli sayılır.

Urmiyə gölünün quruması nəticəsində Təbriz üzərində hava qatında duz hissəciklərinin çoxalması insanların qan təzyiqinin yüksəlməsinə səbəb olub.

Urmiyə gölünün canlandırılması səyləri üzrə heyət daxilində sosial komitənin katibi Armin Nurbəxş bildirib ki, Urmiyə gölü ətrafında yaşayan vətəndaşlar və habelə Təbriz əhalisi duz hissəciklərinin mövcud olduğu havada nəfəs aldıqları üçün qan təzyiqinin yüksəlməsi halları artıb.

İSNA xəbər agentinin hesabatına görə, Nurbəxş Urmiyə gölünün qurumasına işarə edərək bildirib ki, zərərli hissəciklər insanların sağlıq durumuna ciddi şəkildə hədə yaradaraq, göz xəstəlikləri, ağciyər xərçəngi, dəri problemləri, tənəffüs orqanlarının xəstəlikləri, qan təzyiqi hallarının artmasına səbəb olacaq.

Armin Nurbəxş deyib ki, bu günə qədər Urmiyə gölünün quruması nəticəsində xəstəlik hallarının artması ilə bağlı ətraflı tədqiqat aparılmayıb və Səhiyyə Nazirliyi bu haqda heç bir statistika açıqlamayıb, lakin əldə etdiyimiz məlumata əsasən, Urmiyə gölü ətrafında yaşayan əhali arasında xəstəlik halları artıb və son zamanlar Təbriz şəhərində göz xəstəliklərinin bir neçə dəfə artması halları müşahidə edilib.

Armin Nurbəxş Urmiyə gölünün qurumasının təhlükəsizliklə bağlı problemlərə yol açacağını bildirib. Onun sözlərinə görə, Qərbi Azərbaycan vilayəti sərhəd bölgəsində yerləşdiyi üçün müxtəlif təhlükəsizlik problemlərinin yaranması mümkündür. O, əhali arasında işsizlik probleminin yaranması ilə bağlı narahatlığını bildirib. O qeyd edib ki, gölün quruması nəticəsində 7 milyon Azərbaycan Türkü öz yurdlarındən köçmək məcburiyyəti qarşısında qalacaq.

Show comments

XS
SM
MD
LG