Accessibility links

Azərbaycan veb səhifələrinin yaydığı xəbərlərə istinadən, azı dörd milli fəal, o cümlədən Rəsul Rəzəvi, Hüseyn Əli Məhəmmədi, Taha Kirmani və Hüseyn Əlizadə İran Təhlükəsizlik Nazirliyinin Təbrizdəki həbsxanalarında ağır işgəncələr altında ifadə verməyə məcbur edilirlər.

Bu xüsusda xəbər yayan media qurumları, o cümlədən Günaz TV, Araz News, Oyan News və Təbriz Səsi xüsusilə Rəsul Rəzəvinin durumunun təhlükəli olduğunu vurğulayıb. Təbrizdə yaşayan bir neçə jurnalist Amerikanın Səsinə məlumat verərək, həmin xəbərləri təsdiq ediblər.

Amerikada yaşayan güneyli jurnalist və siyasi fəal Babək Çələbiyanlı Amerikanın Səsinə bu fəalların yaxınları ilə əlaqə saxladığını bildirib. “Bu məhbusların ailələri onların səhhəti ilə bağlı çox narahatdırlar. Ettelaat məmurları onlardan işgəncə yolu ilə ifadə almaq istəyir. Onlar görmədiyi işlərin məsuliyyətini qəbul etmək üçün ağır təzyiq altındadırlar,” -deyə Çələbiyanlı söyləyib.

Amerikanın Səsinə müsahibə verən hüquq müdafiəçisi Elçin Hatəminin sözlərinə görə, təhlükəsizlik qurumu Rəsul Rəzəvinin ailəsinə bildirib ki, Rəsul müstəntiqlərlə əməkdaşlıq edənədək saxlanılacaq.


​Veb səhifələrin yazdığına görə, Ettelaat məmurları fevral ayında Təbriz stadionunda üzərində “Güney Azərbaycan İran deyil” yazılmış plakat qaldıran gəncləri tuta bilməyib, buna görə də, bu məsələ ilə bağlı tanınmış milli fəalları müttəhim olaraq məhkəməyə vermək istəyir.



Fevralın 26-da Asiya Çempionlar Liqası oyunları sırasında Təbrizdə keçirilən Traktorsazi-Əl-Cəzirə matçı zamanı üzərində ingiliscə “Güney Azərbaycan İran Deyil” sözləri yazılmış plakat qaldırılmışdı. Bu xəbər bölgə mediası, o cümlədən, Türkiyədə və ərəb ölkələrində yayılan çoxtirajlı qəzetlərin gündəminə çıxmışdı.
Həmin plakatla bağlı ötən aylarda da bəzi başqa fəalların da nəzarət altına alındığı bildirilib.
XS
SM
MD
LG