Accessibility links

Tehran polisinin Urmiyəli voleybol tərəfdarlarını döyməsinə kəskin reaksiyalar verilir


Tehran - 2015 İran milli voleybol çempionatının final oyunundan sonra

Tehran - 2015 İran milli voleybol çempionatının final oyunundan sonra

Son neçə gün ərzində bu, İran polisinin qeyri-fars idman azarkeşlərinə ikinci hücumudur

Tehranın Azadi stadionunda İran milli voleybol çempionatının finalından sonra Urmiyənin Bələdiyyə voleybol komandası tərəfdarlarının İran polisi tərəfindən ağır şəkildə döyülməsi klub məsulları, yerli media və mədəni fəalların geniş təpkisinə səbəb olub.

Urmiyədə fəaliyyət göstərən internet qəzeti Durna News fevralın 18-də Urmiyə və Tehran komandalarının qarşılaşmasından sonra baş verən olayları “Bu damğa heç bir zaman Tehranın alnından silinməyəcək” başlığı ilə əks edib.

Tehran - 2015 İran milli voleybol çempionatının finalı

Tehran - 2015 İran milli voleybol çempionatının finalı

Finalda 2-3 nəticəsi ilə paytaxtın Peykan komandasına məğlub olan Bələdiyyə klubunun prezidenti Əhəd Yusifi Təsnim xəbər agentliyi ilə müsahibədə urmiyəli azarkeşlərin polis tərəfindən döyülməsi məsələsinin təqib ediləcəyini vurğulayıb.

Yusifi ortaya çıxan hadisə ilə bağlı açıqlama istəyən jurnalistə bunları deyib:

“Açıqlamanı mən deyil, tərəfdarlarımızı dəyənəklə döyən polis verməlidir... Nə olduğunu gördünüz. Bu idmandırmı? Stadionda olan hərəkət və həyəcan matçın təbiətidir. Polisin vəzifəsi durumu idarə etməkdir...”

Polisin hücumunu yaxından izləyən şahidlərə istinad edən Oyan News veb səhifəsi olayları belə şərh edib:

“Çərşənbə fevralın 18-də Tehran-Urmiyə voleybol matçı bitdikdən sonra onlar nəfər urmiyəli türk azarkeş Tehran polisi tərəfindən ağır bir şəkildə döyüldülər. Məmurlar bəzi tərəfdarları nəzarət altına alıb, onların neçəsi o cümlədən, Ata Kərimi və Məhəmməd Məhəmmədi bir neçə saatdan sonra sərbəst buraxılıb... Tərəfdarların döyülməsini önləmək üçün araya girən Urmiyə bələdiyyə başqanı cənab Həzrətpur da polis tərəfindən döyülüb.”

Tanınmış ərəb yazar Yusuf Əzizi Benitorof qeyri-farsları repressiyaya qarşı birgə çalışmağa çağırıb

Tanınmış ərəb yazar Yusuf Əzizi Benitorof qeyri-farsları repressiyaya qarşı birgə çalışmağa çağırıb

Oyan News urmiyəli gənc Məhəmməd Məhəmmədinin iki dişinin sındığı və gözündən yaralandığını bildirib.

Yayılan məlumata istinadən, İran milli voleybol çempionatının ikinci yerini qazanan Urmiyə voleybolçuları tərəfdarların döyülməsinə etiraz olaraq qapanış mərasiminə qatılmaqdan imtina ediblər.

2015 İran milli voleybol çempionatında Tehran, Urmiyə və Təbriz müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri qazanıblar.

Tehran olayları son iki gündə qeyri-fars idman tərəfdarlarına qarşı baş vermiş ikinci polis zorakılığıdır. Fevralın 17-də ərəblərin sıx yaşadığı Əhvaz şəhərində keçirilən bir futbol matçından sonra ərəb futbol tərəfdarları əleyhinə də polis tərəfindən ağır güc tətbiq edilib.

Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə TV kanalı həmin olaylarda bir nəfərin polis tərəfindən öldürüldüyünü bildirir.

Urmiyə bə Əhvaz hadisələrindən sonra tanınmış əhvazlı ərəb yazar və siyasi fəal Yusuf Əzizi Benitorof İranda qeyri-fars millətlərə qarşı artan repressiya ilə mübarizə etmək üçün ölkədə zülm altında olan millətlərin birgə fəaliyyət etməsinin artıq bir zərurət olduğunu ifadə edib.

XS
SM
MD
LG